İQTİSADİYYAT
MİDA: Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin ikinci seçim prosesi uğurla başa çatdırılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzilin, həmçinin 6 və 7 saylı binalarındakı 128 mənzilin, ümumilikdə isə 174 mənzilin satışı prosesinə yanvarın 25-də saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
MİDA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 174 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 10 min 242 nəfərdir.
Güzəştli mənzillərin ilk satışı zamanı 324 mənzilin seçimində 4542 şəxs iştirak etmişdisə, bugünkü satış zamanı 174 mənzilin seçimində iştirak edənlərin sayı 5909 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir.
Son məlumata görə, seçilmiş 174 mənzilin 160-ı vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.