İQTİSADİYYAT
MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI İNDİYƏDƏK 2600-DƏN ÇOX KREDİT VERMİŞDİR
Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) fəaliyyətinin ilk ili ərzində ümumi məbləği 5 milyon ABŞ dollarından artıq olan 2600-dən çox kredit vermişdir. Bunu mətbuat konfransında bankın baş meneceri Tomas Engelhardt bildirmişdir. Onun sözlərinə görə, hazırda AMMB-nin kredit portfelinin ümumi həcmi 3 milyon dollardan çoxdur. Oktyabrın sonunadək qaytarılmalı kreditlərin sayı isə 1600-dən artıqdır. Bank Azərbaycanda fəaliyyətinin birinci ili ərzində 1000 kredit verməyi nəzərdə tutmuşdu. Baş menecer demişdir ki, Azərbaycan iş adamlarının uğurlu fəaliyyəti və bütün vəsaitlərin vaxtında və tam məbləğdə qaytarılması daha çox kreditin verilməsinə imkan yaratmışdır.
AMMB 6 ayadək müddətə 10 min dollara qədər mikrokreditlər və işçi kapital üçün 12 ay müddətinə 10 mindən 30 min dollaradək kiçik kreditlər verir. Kreditlərin faiz norması ayda müvafiq olaraq 3 və 2,5 faizdir. Bu gün bankın verdiyi kreditin minimal məbləği 400 ABŞ dollarıdır. Tomas Engelhardt bildirmişdir ki, bankın rəhbərliyi bu rəqəmi 100 ABŞ dollarınadək aşağı salmağı qərara almışdır.