İQTİSADİYYAT
MİLLİ BANKIN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Bank nəzarəti üzrə Bazel Komitəsinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional qrupunun 12-ci konfransı keçirilmişdir. Konfransda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Ermənistanın mərkəzi banklarının, habelə Maliyyə Sabitliyi İnstitutunun və Beynəlxalq Valyuta Fondunun nümayəndələri iştirak etmişlər. Respublikamızı Milli Bankın İdarə heyətinin üzvü Rüfət Aslanov və Nəzarətin metodologiyası və lisenziyalaşdırma departamentinin direktoru Zakir Kazımov təmsil etmişlər.
Konfransın nəticələrinə əsasən Azərbaycan, Rusiya və Özbəkistan bank tənzimlənməsi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi məqsədi ilə regional qrupuna daxil olmaq niyyətlərini açıqlamışlar. Qrupun tərkibinin genişlənməsi ilə əlaqədar onun adının dəyişdirilməsi də nəzərdə tutulur. “Cənubi Qafqaz, Mərkəzi Asiya dövlətlərinin və Rusiya Federasiyasının Bank nəzarəti üzrə regional qrupu”nun yaradılması haqqında sazişin layihəsi işlənib hazırlanmış və baxılmaq üçün qrupun üzvü olan ölkələrin mərkəzi banklarının rəhbərlərinə göndərilmişdir.