İQTİSADİYYAT
MİLLİ BANK 2003-CÜ İLİN BİRİNCİ YARISININ YEKUNLARI ÜZRƏ PUL-KREDİT SİYASƏTİNİN NƏTİCƏLƏRİNİ AÇIQLAMIŞDIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilin birinci yarısında inflyasiyanın səviyyəsi 0,5 faiz olmuşdur.
İnflyasiya modeli əsasında aparılmış araşdırmalar göstərir ki, qiymətin dəyişiminin 86,5 faizi ərzaq məhsullarının, 10,75 faizi qeyri-ərzaq məhsullarının, 2,75 faizi xidmətlərin qiymətlərinin dəyişməsi hesabına baş vermişdir.
Hesabat dövrü ərzində qiymətlərin dəyişiminin 70 faizi monetar, 12,7 faizi qeyri-monetar, 17,3 faizi isə mövsümi amillərin təsiri ilə bağlı olmuşdur.
İqtisadiyyatın inkişafının əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi 10,1 faiz artmışdır ki, bu da ötən ilin altı ayındakı ilə müqayisədə 1,7 faiz çoxdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən sənaye məhsulunun istehsalında 6,2 faiz, kənd təsərrüfatı məhsullarının istehsalında isə 3,1 faiz artıma nail olunmuşdur.
Özəl bölmənin iqtisadiyyatdakı rolu da artmaqdadır. Hesabat dövründə ÜDM-in 70 faizindən çoxu, o cümlədən sənaye məhsulunun 54,2 faizi, kənd təsərrüfatı məhsulunun 99 faizi, əsaslı tikintiyə sərmayə qoyuluşlarının 87,7 faizi, yükdaşımaların 56,1 faizi, rabitə xidmətlərinin 67 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür.
Əsaslı tikintiyə yatırılan sərmayənin həcmi 64,4 faiz artaraq 7,2 trilyon manat təşkil etmişdir. Bunun da 6084,6 trilyon manatını (1240 milyon ABŞ dolları) və ya 84,5 faizini xarici sərmayələr təşkil edir.
Əhalinin sosial vəziyyəti xeyli yaxşılaşmışdır. Bunun əsas göstəricisi olan orta aylıq əmək haqqı 2003-cü il iyulun 1-nə 373,5 min manata (76,1 ABŞ dolları) çatmış və onun real artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz təşkil etmişdir.