İQTİSADİYYAT
MİLLİ BANK BANKLAR ÜÇÜN MƏCMU KAPİTALIN MİNİMUM MİQDARINI 5 MİLYON DOLLARA ÇATDIRMIŞDIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bankların resurs bazalarının genişləndirilməsi və bütövlükdə bank sisteminin sabitliyinin və sağlamlığının təmin edilməsi, ölkənin dinamik sosial-iqtisadi inkişafında bank sisteminin maliyyə-vasitəçilik rolunun gücləndirilməsi məqsədi ilə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, banklar üçün məcmu kapitalın minimum həddinin 2005-ci ilin yanvar ayının 1-dək 3,5 milyon ABŞ dollarına ekvivalent məbləğə, 2006-cı ilin yanvar ayının 1-dək isə 5 milyon ABŞ dollarına ekvivalent məbləğə çatdırılması qərara alınmışdır.
Bu qərarın icrası ilə əlaqədar kommersiya banklarının kapitallarının artırılması onların risklilik səviyyəsini aşağı salacaq, bankların daha iri layihələri maliyyələşdirmə imkanlarının artırılmasına, kapital bazasının genişləndirilməsinə, Sahibkarlığa Kömək Milli Fondundan aktiv vəsait cəlb etməyə və bankların uzunmüddətli resurslarının artırılmasını təmin etməklə fiziki və hüquqi şəxslərin, bütövlükdə iqtisadiyyatın xidmətlərinə olan tələbatlarının daha dolğun şəkildə ödənilməsinə yardım edəcəkdir.