İQTİSADİYYAT
MİLLİ BANK TƏKZİB EDİR
Valyuta mübadiləsi əməliyyatları, bütövlükdə, bank fəaliyyətinin bir növüdür və kommersiya bankları vasitəsilə həmişə həyata keçirilmişdir. Milli Bank mübadilə bazarlarında, valyuta birjalarında yalnız pul siyasətini həyata keçirmək məqsədi ilə məhdud hallarda iştirak edir. Pərakəndə mübadilə bazarlarında Milli Bankın heç vaxt iştirakı olmamışdır və belə təşəbbüs gələcəkdə də nəzərdə tutulmur.
Mübadilə məntəqələri tarixən (ölkədə valyuta mübadiləsi məntəqələri yaradılmağa başlayandan) Milli Bankın icazəsi əsasında fəaliyyət göstərmiş və kommersiya banklarının struktur bölməsi olmuşdur. Ümumiyyətlə, icazə və lisenziyaların tətbiqi dövlət tənzimlənməsi vasitəsi olduğundan, onlar dövlət orqanları tərəfindən verilir. Mübadilə məntəqələrinə icazələrin kommersiya bankları tərəfindən verilməsi qanunvericiliyə ziddir və bəzi mətbuat orqanlarında yayılan belə məlumatlar yanlışdır.
Milli Bank mübadilə məntəqələrinin sayı barədə məlumatları daim açıqlayır. Belə məlumatlar müxtəlif kütləvi informasiya vasitələrində elan edilir, eyni zamanda, Milli Bankın internet saytında, ayrı-ayrı dövrləri əks etdirməklə göstərilir. Mübadilə məntəqələrinin fəaliyyət göstərdiyi bütün dövrlər ərzində onların sayı 700-dən artıq olmamışdır. Hazırda ölkə ərazisində 481 mübadilə məntəqəsi fəaliyyət göstərir.
Milli Bank mübadilə məntəqələrinin fəaliyyəti ilə əlaqədar hazırlanmış yeni qaydalar barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır. Bu qaydalar bank ictimaiyyəti ilə geniş və açıq müzakirə edilmiş, tətbiq olunan ciddi tələblərin zəruriliyi açıqlanmış, onların təklifləri nəzərə alınmışdır. Milli Bank mübadilə bürolarının Milli Bankın tərkibində olacağı ilə əlaqədar yayılmış məlumatları qətiyyətlə təkzib edir və bildirir ki, yeni hazırlanmış qaydalarda belə hallar nəzərdə tutulmamışdır.
Mübadilə bürolarının fəaliyyətinə dair hazırlanmış qaydalarda onların statusunun yüksəldilməsinə, texniki təchizatının və təhlükəsizliyinin artırılmasına, struktur vahidi olduğu kommersiya bankının əməliyyat sisteminə daha ciddi inteqrasiya etməsinə, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, ciddi daxili nəzarət sistemlərinin yaradılmasına və digər tələblər əksini tapmışdır. Nəzərdə tutulmuş bütün tədbirlər, mahiyyət etibarilə, hazırda fəaliyyət göstərən məntəqələrin texniki təchizatının, təhlükəsizliyinin, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına xidmət edir.
İctimaiyyətdə çaşqınlıq yaradan qeyri-peşəkar və yanlış məlumatların bəzi mətbuat orqanlarında özünə yer tapması Milli Bankda təəssüf doğurur.