İQTİSADİYYAT
MİLLİ BANK VALYUTA REJİMİNİN SƏRBƏSTLƏŞDİRİLMƏSİNDƏ NÖVBƏTİ ADDIM ATMIŞDIR
Azərbaycan Respublikasının Milli Bankı valyuta rejiminin sərbəstləşdirilməsi istiqamətində növbəti addım atmışdır. Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarların işgüzar fəallığının təşviq edilməsi məqsədi ilə valyuta rejiminə dəyişiklik edilmiş, idxal müqavilələri üzrə ölkədən kənara köçürülən avans ödənişlərinə dair limitlərin ləğv edilməsi qərara alınmışdır. Əvvəllər mövcud olan qaydalara əsasən, hüquqi və fiziki şəxslər malın idxalı ilə əlaqədar əvvəlcədən 25000 ABŞ dolları ekvivalenti məbləğindən artıq ödəniş həyata keçirmək üçün bu əməliyyatın sağlam xarakterli olmasına dair müvafiq təsdiqləyici sənəd təqdim etməklə Milli Bankdan icazə alırdı.
Milli Bankda həyata keçirilmiş avtomatlaşdırma layihələri, avtomatlaşdırılmış statistika hesabat sistemi “çirkli” pulların yuyulması, qeyri-sağlam əməliyyatların qarşısının alınması üçün monitorinqə imkan verir və icazə sisteminə ehtiyac qalmır. Bu qərar xarici iqtisadi fəaliyyətdə hesablaşmaların sürətlənməsinə şərait yaratmaqla, əməliyyatların aparılmasında çevikliyin artırılmasına yardım edəcək, habelə ölkədə sahibkarlığın inkişafı ilə əlaqədar həyata keçirilən proqrama uyğun olaraq, kommersiya bankları tərəfindən valyuta əməliyyatlarının operativ surətdə aparılmasına kömək edəcəkdir.