SİYASƏT
MİLLİ MƏCLİSDƏ DEMOKRATİKLƏŞDİRİLMƏ VƏ İNSAN HÜQUQLARI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Yanvarın 29-da Milli Məclisdə insan hüquqları və demokratikləşdirmə məsələləri forumunun Ikinci iclası keçirilmişdir.
Ötən il Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə yaradılmış forumun iclasında BMT, ATƏT və Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatların, Bakıdakı diplomatik missiyaların nümayəndələri və Milli Məclisin insan hüquqları daimi komissiyasının üzvləri insan hüquqlarının təmin olunmasında və cəmiyyətin demokratikləşdirilməsində parlamentarizmin rolunu müzakirə etmişlər.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iclası giriş sözü ilə açaraq, forumun işi barədə qısa məlumat verdi və bildirdi ki, onun növbəti iclası Konstitusiya Məhkəməsində olacaqdır.
Sonra Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli, ATƏT-in Bakı ofisinin nümayəndəsi Boqdan Marşevski, deputat Mixail Zabelin və başqaları çıxış edərək , Azərbaycan cəmiyyətinin demoratikləşdirilməsi problemləri üzərində ətraflı dayandılar, xarici ölkə səfirliklərinin nümayəndələri ilə insan hüquqları sahəsində fikir mübadiləsi apardılar.