SİYASƏT
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov, Azərbaycan- Bolqarıstan münasibətlərindən, parlamentlərarası əməkdaşlıqdan söhbət açdı, ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarının rolunu vurğuladı.
Milli Məclisin sədri bildirdi ki, Cənubi Qafqazda ən inkişaf etmiş ölkə kimi Azərbaycan davamlı olaraq Avropaya inteqrasiya edir. Lakin Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi, bir milyondan çox qaçqın və məcburi köçkün problemi inkişafımıza ciddi maneə törədir. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olur. BMT Təhlükəsizlik Şurasının işğalla bağlı 4 qətnaməsi var, ATƏT-in Lissabon sammitində mühüm sənəd qəbul olunmuşdur. Avropa Şurasının Parlament Assambleyası öz sənədlərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləmişdir. Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq, problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Amma Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe tutması problemin həllinə mane olur.
Murtuz Ələsgərov xatırlatdı ki, Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələr yetişdirən ermənilər əldə olunan gəlirlər hesabına terrorçuları maliyyələşdirirlər. Problemin həlli üçün təcavüzkara qarşı sanksiyalar tətbiq olunmalıdır. Əgər belə olmasa, Ermənistan öz əməllərindən əl çəkməyəcəkdir. Parlamentin sədri daha sonra vurğuladı ki, xalqımızın səbri tükənir. Azərbaycanın güclü ordusu var və biz öz qüvvəmizlə torpaqlarımızı azad etməyə qadirik.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən Solomon Passi, Azərbaycanda həyata keçirilən islahatlardan razılığını bildirdi. O dedi ki, ATƏT münaqişənin tezliklə sülh yolu ilə həllinə tərəfdardır. Bunun üçün isə, ilk növbədə, tərəflər razılığa gəlməlidir.
ATƏT sədri regiona səfərindən sonra digər təşkilatların rəhbərlərindən də münaqişənin həlli ilə bağlı səylərini artırmağı xahiş edəcəyini bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.
Milli Məclis sədrinin müavinləri, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard və digər rəsmi şəxslər iştirak edirdilər.