RƏSMİ XRONİKA
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Moldova Prezidenti və nümayəndə heyətinin üzvləri Milli Məclisin muzeyi ilə tanış oldular.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərovun və Moldova Prezidenti Vladimir Voroninin görüşü keçirildi.
Murtuz Ələsgərov görüşü açaraq, Moldova Prezidentini Azərbaycanın ali qanunverici orqanında səmimiyyətlə salamladı. O dedi ki, qarşılıqlı münasibətlərimizin böyük tarixi var. Hələ sovet dövründə Moldova ilə Azərbaycan arasında çox səmimi münasibətlər, dostluq əlaqələri yaranmışdı.
Parlamentin sədri vurğuladı ki, Azərbaycan və Moldova dövlət müstəqilliyinə qovuşduqdan sonra suveren dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin əsası Prezident Heydər Əliyev və Moldova Prezidenti tərəfindən qoyulmuşdur. Hər iki ölkənin prezidentləri qarşılıqlı rəsmi səfərlər etmiş, həmin səfərlər zamanı dostluq münasibətlərinin əsasları qoyulmuş, bu münasibətlərin daha da genişləndirilməsinə və dərinləşdirilməsinə dair mühüm sənədlər, onlarca saziş imzalanmışdır.
Milli Məclisin sədri Moldova Prezidentinin Azərbaycana indiki rəsmi səfəri zamanı imzalanmış və ölkələrimiz arasında siyasi dialoqu, iqtisadi və mədəni əlaqələri bundan sonra da inkişaf etdirməyi qarşıya bir vəzifə kimi qoyan sənədləri yüksək qiymətləndirdi.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq dedi ki, bu, xalqımızın ən böyük və ən ağrılı problemidir, çünki ərazilərimizin 20 faizi işğal edilmişdir, bir milyondan çox qaçqın-köçkün var. Moldova da, Azərbaycan da eyni problemlə qarşılaşmışdır. Dnestryanı və Dağlıq Qarabağ münaqişələri nəticəsində hər iki ölkənin ərazi bütövlüyü pozulmuşdur. Bu məsələdə dövlətlərimizin mövqeləri tam uyğun gəlir – onlar öz ərazilərinin bütövlüyünün tanınması və təmin olunması uğrunda çıxış edirlər.
Moldova rəhbəri səmimi qəbula görə təşəkkür edərək bildirdi ki, bir çox məsələlərdə iki ölkə arasında vahid rəy var. Bu da onunla əlaqədardır ki, dövlətlərin ərazi bütövlüyü problemindən başlayaraq, öz xalqlarının rifahının yaxşılaşdırılmasına qayğı ilə bağlı bütün digər məsələlərədək Moldovanın və Azərbaycanın qarşısında eyni problemlər durur.
V.Voronin qeyd etdi ki, münasibətlərimizin inkişafında parlamentlərimiz də fəal rol oynayırlar. Moldovanın ali qanunverici orqanında Azərbaycan parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir. Moldovada Azərbaycan diasporu var və o, ölkənin ictimai həyatında yaxından iştirak edir.
Moldova Prezidenti separatizm problemindən danışaraq dedi ki, ölkələrimizdəki bu problemlər gec-tez həll olunacaqdır. Lakin çoxları problemlərimizi lazımınca başa düşmür və ya başa düşmək istəmir. Təəssüf ki, bizi yalnız separatizmlə qarşılaşan ölkələr başa düşürlər. Dnestryanı və Dağlıq Qarabağ münaqişələri bir vaxta təsadüf etmişdir, bizdə də qanlı qırğın olmuşdur. Bu münaqişələrin həlli prosesi çox çətin gedir.
X X X
Görüş başa çatdıqdan sonra Moldova Prezidenti və onu müşayiət edən şəxslər parlamentin iclas salonu ilə tanış oldular.
Sonra Moldova Prezidenti və Milli Məclisin sədri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parlamentin foyesində qoyulmuş büstü önündə xatirə şəkli çəkdirdilər.