RƏSMİ XRONİKA


MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

AZƏRTAC xəbər verir ki, Rumıniya Prezidenti Trayan Besesku oktyabrın 12-də Milli Məclisə gəlmişdir.

Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşıladılar.

Rumıniya Prezidenti Trayan Besesku əvvəlcə Milli Məclisin iclas salonuna baxdı. Sonra Milli Məclisin sədri Oqtay Əsədovla Rumıniya Prezidenti Trayan Besesku arasında təkbətək görüş oldu.

Daha sonra görüş geniş tərkibdə davam etdirildi. Milli Məclisin sədri Oqtay Əsədov dedi ki, Azərbaycan onun dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi Rumıniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Hazırda ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir və əlaqələrimizin bu cür inkişafında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Rumıniyaya səfəri zamanı ölkələrimiz arasında əlaqələrin perspektivləri, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılmış, 11 sənəd imzalanmışdır. Aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Oqtay Əsədov parlamentlərarası əlaqələrdən danışaraq, Milli Məclisdə Rumıniya parlamenti ilə dostluq qrupunun yaradıldığını xatırlatdı, deputatların qarşılıqlı səfərlərinin münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyini söylədi.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət açdı, problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Rumıniya Prezidentinə minnətdarlıq etdi.

Rumıniya Prezidenti Trayan Besesku səmimi görüş və ətraflı məlumat üçün təşəkkür etdi, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunun və parlament diplomatiyasının vacibliyini vurğuladı. Ali qonaq Rumıniya parlamenti sədrinin Oqtay Əsədovu səfərə dəvət etdiyini bildirdi, bu səfərin geniş nümayəndə heyəti ilə həyata keçiriləcəyinə əminliyini söylədi.

Rumıniya Prezidenti 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, müavinlər Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin