SİYASƏT
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Yanvarın 23-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini xanım Nensi Makildaunini və səfirliyin siyasi müşaviri Deyvid Viddonu qəbul etmişdir.
Ziyafət Əsgərov bildirdi ki, Amerika-Azərbaycan münasibətlərinin intensiv inkişafı nəticəsində indi ölkələrimiz arasında strateji tərəfdaşlıq yaranmışdır. Ölkəmiz faciəli 11 sentyabr hadisələrindən dərhal sonra beynəlxalq antiterror koalisiyasına qoşulmaqla tərəfdaşlıq münasibətləri xəttinin inkişafına sadiqliyini sübut etmişdir. Parlament sədrinin müavini vurğuladı ki, Prezident Corc Buşun 907-ci düzəlişin qüvvəsinin dayandırılması haqqında sənədi tezliklə imzalaması ABŞ ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə yeni təkan verəcəkdir.
Xanım Nensi Makildauni də ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq dedi ki, 907-ci düzəlişin qüvvəsinin dayandırılması bu münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırmağa imkan verəcəkdir.
ABŞ diplomatı Milli Məclis sədrinin müavini ilə görüşün əsas məqsədindən danışarkən dedi ki, onlar, başlıca olaraq, Azərbaycanın NATO Parlament Assambleyası ilə əməkdaşlığı məsələləri maraqlandırır.
Ziyafət Əsgərov onlara Azərbaycanın NATO Parlament Assambleyası ilə münasibətlərinin indiki vəziyyəti, həmin təşkilatın prezidenti Rafael Estrellanın bu yaxınlarda ölkəmizə səfərinin nəticələri haqqında ətraflı məlumat verdi.
Görüşdə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik problemlərinə dair bir sıra məsələləri də müzakirə edildi.