SİYASƏT


MİLLİ MƏCLİSDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Avqustun 19-da Murtuz Ələsgərovun sədrliyi ilə Milli Məclisdə qarşıdakı payız sessiyasına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Milli Məclis sədrinin müavinləri, daimi komissiyaların sədrləri və Aparatın şöbə müdirləri iştirak etmişlər.

Milli Məclisin sədri müşavirəni açaraq demişdir ki, builki payız sessiyası respublikamız üçün çox mühüm ictimai-siyasi hadisə olan prezident seçkiləri ərəfəsində başlayacaqdır. Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə parlamentə təqdim olunmuş və 2003-cü ilin yaz sessiyasında qəbul edilmiş, dünya standartlarına cavab verən “Seçki Məcəlləsi” ölkəmizdə seçkilərin azad və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır.

Murtuz Ələsgərov seçki kampaniyasında deputatların fəal iştirakının zəruriliyini də vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən söhbət açmışdır.

Millı Məclisin sədri parlamentin payız sessiyasının iş planına daxil ediləcək yeni qanun layihələrinin sentyabr ayınadək daimi komissiyalarda müzakirəsinin başa çatdırılmasının vacibliyini bildirmişdir.

Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev respublika Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihələr barədə məlumat vermişdir. O bildirmişdir ki, bunların içərisində “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “Büdcə haqqında” və “ Konstitusiya Məhkəməsi haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələri xüsusi əhəmiyyət kəsb edir. Ötən sessiyalarda müzakirəsi tamamlanmamış “Təhsil haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Terrorizmlə mübarizə haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Elektron rəqəmli imza haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanun layihələrinin də müzakirəsinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Parlamentin daimi komissiyalarında “Dövlət bayrağı haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Şəkərli diabet xəstəliyinin profilaktikası haqqında”, “Bədii xalq sənətləri haqqında”, “Telekommunikasiya haqqında” qanun layihələri üzərində iş tamamlanmaq üzrədir.

Daimi komissiyaların sədrləri Səttar Səfərov, Asya Manafova, Hadi Rəcəbli, Şahlar Əsgərov, Səməd Seyidov, Əli Hüseynov və komissiya sədrinin müavini Şaitdin Əliyev parlamentin payız sessiyasının iş planının formalaşdırılması və prezident seçkilərinin təbliğat kampaniyası barədə öz fikirlərini açıqlamışlar.

Müşavirəyə yekun vuran Milli Məclisin sədri Murtuz Ələsgərov payız sessiyası qarşısında hazırlıq işlərinin daha keyfiyyətli aparılması, iş planının dolğun olması üçün daimi komissiyalarla şöbələr arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini xüsusi qeyd etmiş, iş planının müzakirəsi ilə əlaqədar sessiyaqabağı daha bir müşavirə keçiriləcəyini bildirmişdir.

Sədr qarşıdan gələn prezident seçkilərinin beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik şəkildə keçəcəyinə əminliyini vurğulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.