MİLLİ MƏCLİSDƏ QƏBUL
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 28-də Milli Məclisin sədri Murtuz Ələsgərov parlamentin Heydər Əliyev zalında Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviközü Azərbaycanda diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.
Qonağı səmimi salamlayan Murtuz Ələsgərov qardaş ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsində dövlətlərimizin başçılarının rolundan, ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətlərindən danışdı. O qeyd etdi ki, Prezident İlham Əliyev münasibətlərimizin daha da möhkəmlənməsi istiqamətində Heydər Əliyev siyasi kursunu inamla davam etdirir.
Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında səfirin rolunu xüsusi qeyd edən Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Türkiyənin bu məsələdəki ədalətli mövqeyindən danışdı, qardaş ölkənin təcavüzkar Ermənistanla sərhədləri açmamasını təqdirəlayiq hal kimi qiymətləndirdi.
Murtuz Ələsgərov səfirə bundan sonrakı diplomatik fəaliyyətində uğurlar arzuladı, onun Azərbaycanı heç zaman unutmayacağına əmin olduğunu bildirdi.
Səfir Əhməd Ünal Çeviköz qardaş Azərbaycanda özünü Türkiyədəki kimi hiss etdiyini, ölkəmizdə ona göstərilən diqqət və qayğıya, yaradılmış iş şəraitinə görə Azərbaycan Prezidentinə, hökumətinə və xalqına dərin minnətdarlığını bildirdi. Səfir dedi ki, dövlətimin təyinatı ilə başqa ölkəyə gedəcəm və orada da Azərbaycanı unutmayacaq, bu ölkəni daim ürəyimdə yaşadacam, problemlərinin həllinə çalışacağam.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var