SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Yanvarın 22-də Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov İranın parlamentinin - İslam Şurası Məclisinin üzvü Əsədullah Kiyanersi qəbul etmişdir.
Ziyafət Əsgərov qonağı səmimiyyətlə salamlayaraq dedi ki, İran İslam Respublikasının mötəbər nümayəndə heyətinin ölkəmizə səfəri dost Azərbaycan və İran xalqları arasında əlaqələrin möhkəmlənməsinə kömək göstərir.
Sonra Azərbaycan parlamenti sədrinin müavini Milli Məclisin İran parlamenti ilə dostluq qrupunun qəbulda olan üzvlərini təqdim etdi, habelə başçılıq etdiyi təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının fəaliyyəti barədə Əsədullah Kiyanersiyə ətraflı məlumat verdi.
Əsədullah Kiyanersi səmimi qəbula görə təşəkkür edərək dedi ki, İslam Şurası Məclisinin bütün üzvləri kimi, mən də Azərbaycana gəlməyi və onun görməli yerləri ilə tanış olmağı çoxdan arzulayırdım. Xalqlarımızı bir din, eyni ənənələr və mədəniyyət birləşdirir, ona görə də ölkələrimizin parlamentləri bu əlaqələrin dərinləşməsinə və inkişafına kömək etməlidirlər.
Sonra qonaq İslam Şurası Məclisinin və onun dövlət təhlükəsizliyi və xarici siyasət məsələləri komissiyasının fəaliyyəti barədə məlumat verdi.
Qəbulda ölkələrimizin parlamentlərinin qanun yaradıcılığı sahəsində əlaqələrinin möhkəmləndirilməsinə dair bir sıra məsələlər də müzakirə edildi.