SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Sentyabrın 20-də Milli Məclisin sədri Murtuz Ələsgərov “Fransa-Azərbaycan” parlamentlərarası dostluq qrupunun sədri Ambruaz Düponu və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Fransa parlamenti üzvlərinin Azərbaycana hər bir səfəri ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin möhkəmlənməsinə təkan verir. O vurğuladı ki, kökləri orta əsrlərə gedib çıxan Azərbaycan-Fransa münasibətləri uğurla inkişaf edir. Hələ 1858-ci ildə böyük fransız yazıçısı Aleksandr Düma (ata) Azərbaycanda olmuş və “Qafqaz” adlı kitabında xalqımız haqqında səmimi xatirələrini qələmə almışdır. X1X əsrdə azərbaycanlıların bir sıra nümayəndələri Fransa universitetlərində təhsil almışlar.
Milli Məclisin sədri Fransa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətindən danışaraq bildirdi ki, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr genişlənməkdədir. Ölkələrimizin dövlət başçılarının görüşləri ikitərəfli əlaqələrin möhkəmlənməsində böyük rol oynayır. Heydər Əliyev dövlətimizin başçısı seçildikdən sonra 1993-cü ildə özünün ilk xarici səfərini Fransaya etmişdir. Onun sabiq Prezident Fransua Mitteran və indiki dövlət başçısı Jak Şirak ilə görüşləri, habelə bu görüşlər zamanı imzalanmış sənədlər qarşılıqlı surətdə faydalı münasibətlər üçün hüquqi baza yaratmışdır.
Murtuz Ələsgərov parlamentlərarası münasibətlərin inkişafı məsələsinə toxunaraq, Fransa Senatının sədri Kristian Ponslenin 1999-cu ildə ölkəmizə səfərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinciliklə nizama salınması üçün də böyük səylər göstərdiyini xüsusi vurğuladı. Məhz onun təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri parlament başçılarının Parisdə, Versalda və Tbilisidə görüşləri keçirilmiş və regionda vəziyyətin sabitləşdirilməsi məsələləri müzakirə edilmişdir.
Milli Məclisin sədri qonaqlara Dağlıq Qarabağ probleminin səbəbləri və nəticələri barədə məlumat verərək dedi ki, erməni separatçıları işğal olunmuş Azərbaycan ərazilərindən terrorçular hazırlamaq üçün istifadə edirlər. Murtuz Ələsgərov ümidvar olduğunu söylədi ki, Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri kimi Ambruaz Düpon Dağlıq Qarabağ probleminin həllində ölkəmizin ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyəcəkdir.
Fransa-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması fikri ilə razılaşan Ambruaz Düpon ölkəmizin cənub bölgələrində keçirdiyi görüşlər barədə məlumat verdi. O, dostluq qrupunun keçmiş sədri Jan Buayenin fəaliyyətini də yüksək qiymətləndirərək, Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində onun təşəbbüslərini xatırlatdı. Qonaq bildirdi ki, yaxın vaxtlarda Fransa Senatında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil ediləcəkdır. Bundan əlavə, Bakıda Fransa Mədəniyyəti İnstitutu açmaq, habelə turizm sahəsində bir sıra layihələr həyata keçirmək nəzərdə tutulur.
Ambruaz Düpon Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinə başlanması mərasimini tarixi hadisə adlandıraraq, Azərbaycan Prezidenti Heydər Əliyevin mərasimdəki nitqində Fransanın Azərbaycanın ən mühüm tərəfdaşlarından biri olduğunu vurğulamasından və ölkəmizi daim dəstəklədıyinə görə Prezident Jak Şiraka təşəkkürünü bildirməsindən məmnun qaldığını söylədi.
Qəbulda Fransanın Azərbaycandakı səfiri xanım Şantal Puare iştirak edirdi.