SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Oktyabrın 21-də Milli Məclisin sədri Murtuz Ələsgərov Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibi Yuri Sergeyevi qəbul etmişdir.
Milli Məclisin sədri qonağı səmimiyyətlə salamlayaraq bildirdi ki, müstəqillik əldə etdikdən sonra Ukrayna ilə Azərbaycan arasında münasibətlər daha intensiv inkişaf etməyə başlamışdır. Ölkəlrimizin Prezidentləri Heydər Əliyevin və Leonid Kuçmanın görüşləri ikitərəfli münasibətlərin möhkəmlənməsində böyük rol oynamışdır. Həmin görüşlər zamanı imzalanmış sənədlər qarşılıqlı surətdə faydalı münasibətlərin hüquqi bazasını təşkil etmişdir. Ukrayna Prezidenti Azərbaycanda səfərdə olarkən ona ölkəmizin ən yüksək mükafatı – “İstiqlal” ordeni təqdim olunmuşdur. Kiyevdə Beynəlxalq Münasibətlər Universitetinə Prezident Heydər Əliyevin adı verilmişdir.
Murtuz Ələsgərov parlamentlərarası münasibətlərin inkişafından danışaraq dedi ki, mütəmadi görüşlər və qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi ilə yanaşı, ölkələrimizin parlament üzvləri Avropa Şurasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, ATƏT-in parlament assambleyaları və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. O, ölkələrimizin ikitərəfli əlaqələrinin möhkəmlənməsinin rəmzi olan GUÖAM təşkilatında qanunvericilik orqanlarının tərəfdaşlığını xüsusi vurğuladı. Milli Məclisin sədri siyasət, iqtisadiyyat və məhkəmə-hüquq sistemi sahəsində ölkəmizdə həyata keçirilən islahatlar üzərində ətraflı dayandı.
Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə də qonağa ətraflı məlumat verərək, ölkəmizin bu problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi. O dedi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və beynəlxalq təşkilatların digər qərarlarını indiyədək qulaqardına vurur. Həmin sənədlərdə işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi tələbi öz əksini tapmışdır. Parlamentin sədri ölkəmizin ərazi bütövlüyü məsələsində Ukraynanın mövqeyindən məmnun olduğunu bildirdi.
Yuri Sergeyev Azərbaycan-Ukrayna münasibətlərinin yüksək səviyyədə olması fikri ilə razılaşaraq dedi ki, ölkələrimizin parlament üzvləri bu əlaqələrin möhkəmlənməsinə sanballı töhfə vermişlər. O bildirdi ki, Ukrayna Xarici İşlər Nazirliyi GUÖAM Parlament Assambleyasının yaradılmasında fəal iştirak edir və bu qurum həmin təşkilatın üzvü olan ölkələr arasında əlaqələrin genişlənməsinə və fəal əməkdaşlığın qanunvericilik bazasının yaradılmasına kömək edəcəkdir.
Yuri Sergeyev ölkələrimizin iqtisadi əlaqələrinin inkişafından danışaraq, Azərbaycan iqtisadiyyatının çox surətlə inkişaf etdiyini xüsusi vurğuladı. Onun sözlərinə görə, ölkəmiz bu sahədə Ukraynanın analoji göstəricilərini qabaqlayır.
Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.