SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Fevralın 12-də Milli Məclisin sədri Murtuz Ələsgərov Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.
Parlamentin sədri ölkəmizin Avropa Şurasına qəbul olarkən götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələlərindən danışdı. O dedi ki, Azərbaycan parlamentinin qəbul etdiyi 1500-dən çox qanunvericilik aktının yarısı insanın əsas hüquq və azadlıqlarının qorunmasına yönəldilmişdir. Milli Məclisin sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasi və sosial-iqtisadi islahatlar barədə qonaqlara ətraflı məlumat verdi.
Murtuz Ələsgərov Azərbaycanın və Avropa Şurasının uğurlu əməkdaşlığına toxunaraq, Ermənistanın təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyondan artıq azərbaycanlı qaçqının hüquqlarının qorunması üçün AŞPA-nın Monitorinq Komitəsinin səylərini gücləndirməsinin zəruriliyini vurğuladı. O dedi ki, ölkəmiz insanın əsas hüquq və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduqdan sonra hər bir Azərbaycan vətəndaşının Avropa Məhkəməsinə müraciət etmək hüququ vardır. Parlamentin sədri bildirdi ki, fevralın 11-də Azərbaycan dövlətinin başçısı cinayət törətmiş 116 şəxsin əfv olunması haqqında daha bir Fərman vermişdir.
AŞPA nümayəndə heyətinin rəhbəri Corc Klerfayt dedi ki, Monitorinq Komitəsi üzvlərinin Azərbaycana sonuncu səfərindən bəri insanın əsas hüquq və azadlıqlarının qorunması sahəsində böyük iş görülmüşdür. O vurğuladı ki, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin mənafelərinə uyğundur.
Qəbulda Azərbaycanın qanunvericilik orqanı ilə Avropa Şurasının Parlament Assambleyası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.