SİYASƏT


MİLLİ MƏCLİSİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEVİN AVROPA ŞURASININ İNSAN HÜQUQLARI ÜZRƏ KOMİSSARI İLƏ GÖRÜŞÜ

Sentyabrın 19-da Milli Məclisdə Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin Avropa Şurasının insan hüquqları üzrə komissarı Alvaro Hil-Robles ilə və onu müşayiət edən şəxslərlə görüşü olmuşdur. 

İlham Əliyev Milli Məclisin AŞPA-dakı nümayəndə heyəti adından qonaqları səmimiyyətlə salamlayaraq vurğuladı ki, onların Azərbaycanda keçirdikləri görüşlər respublikamızdakı real vəziyyəti Avropa Şurasına çatdırmağa imkan verəcəkdir. O, Avropa Şurasının komissarı ilə bu ilin iyununda Strasburqda keçirilmiş və Dağlıq Qarabağın Azərbaycan icması nümayəndələrinin və qaçqınların da iştirak etdiyi görüşü xatırladı. Həmin söhbət zamanı Avropa Şurasının nümayəndələri bir daha yəqin etdilər ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı və qaçqınlar problemi regionumuzun ən ağır problemidir. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının hüquqları pozulmuşdur və onların əksəriyyəti çadırlarda yaşamağa məcburdur. İlham Əliyev ölkəmizin parlament nümayəndə heyətinin Avropa Şurası Nazirlər Komitəsinin qəbul etdiyi sənədlərin AŞ-də hazırlanması və yayılması sahəsində fəaliyyətindən danışaraq, ümidvar olduğunu bildirdi ki, insan hüquqları üzrə komissarın səfəri ölkəmiz üçün bu ən ağrılı problemin tezliklə həllinə kömək edəcəkdir.

Cənab Alvaro Hil-Robles müfəssəl məlumata görə İlham Əliyevə təşəkkür edərək vurğuladı ki, demokratik dəyişikliklərin həyata keçirilməsi sahəsində Azərbaycanın ən böyük nailiyyətlərindən biri Ombudsman təsisatının yaradılmasıdır.

Qonaq Azərbaycanın parlament nümayəndə heyəti ilə Strasburqdakı görüşə toxunaraq dedi ki, o, hələ onda ölkəmizə gəlməyə və qaçqın-köçkünlərlə bilavasitə təmasda olmağa söz vermişdi. O, bildirdi ki, sentyabrın 18-də çadırlarda və yataqxanalarda görüşdüyü bu insanların vəziyyəti çox ağır və dəhşətlidir. Azərbaycan Prezidentinin bu vətəndaşlara qayğısından söz açan Alvaro Hil-Robles dedi ki, beynəlxalq təşkilatlar da onlara yardım göstərməlidirlər. Bununla yanaşı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu problemin siyasi tapmağa çalışırlar. Qonaq vurğuladı ki, qaçqınların problemlərinin həlli yollarını və onların insan hüquqlarının pozulması məsələlərini Brüsseldə Avropa Birliyinin komissarı ilə müzakirə etmək niyyətindədir.

İlham Əliyev vədini yerinə yetirdiyinə və Azərbaycanda qaçqın-köçkünlərlə görüşdüyünə görə Alvaro Hil-Roblesə təşəkkürünü bildirərək dedi ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə həllinə tərəfdardır və Avropa Şurasının Ermənistanın təcavüzkar siyasətinə siyasi qiymət verməsini istəyir. O, Avropa Şurasının Dağlıq Qarabağ problemi üzrə komissar təyin etməsindən və onun vəziyyətlə tanış olmaq ücün yaxın günlərdə Bakıya gələcəyindən məmnun qaldığını söylədi.

İlham Əliyev qaçqınların-köçkünlərin həyat şəraitinin tədricən yaxşılaşdığından danışaraq bildirdi ki, Azərbaycan Prezidentinin Fərmanına əsasən, onlar üçün evlər və sosial obyektlər tikilməsinə Neft Fondundan 72 milyon dollar ayrılmışdır. O, xüsusi vurğuladı ki, beynəlxalq təşkilatların yardımı bizim üçün indi gərəkdir, çünki Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir və gələcəkdə belə yardıma ehtiyacımız olmayacaqdır. İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Azərbaycanın və Ermənistanın Avropa Şurasında üzvülüyü münaqişənin tezliklə siyasi yolla nizama salınmasına şərait yaradacaqdır.

Görüşdə Avropa Şurasının ölkəmizdəki nümayəndəsi İnkeri Arni Lvov və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova iştirak edirdilər.

AZƏRTAC

Foto İlqar Cəfərovundur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.