SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATININ HAZIRLADIĞI QƏTNAMƏ AŞPA TƏRƏFİNDƏN NƏŞR EDİLƏRƏK YAYILMIŞDIR
Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional məsələlər komitəsinin iclasında iştirak etmək üçün martın 12-dən 19-dək İspaniyanın Valensiya şəhərində səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitənin iclasında, eləcə də “Avro-Aralıq dənizi regionunun davamlı inkişafı” mövzusunda keçiriləcək dəyirmi masada Avropa İttifaqının genişlənməsi və kənd təsərrüfatı, Avropa əkinçilik xartiyasının yaradılması, Avro-Aralıq dənizi ölkələri meşələrinin davamlı inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
2003-cü ilin Beynəlxalq təmiz su ili elan edilməsi ilə əlaqədar olaraq ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional məsələlər komitəsi nəzdində yaradılmış xüsusi yardımçı komitənin iclasında deputat Rafael Hüseynovun hazırladığı qətnamənin ilkin müzakirəsi keçiriləcəkdir. “Azərbaycanın təmiz sularının transsərhəd suları vasitəsilə çirkləndirilməsi” probleminə həsr edilmiş həmin sənəd Avropa Şurası Parlament Assambleyası tərəfindən nəşr edilərək yayılmışdır.