SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATI İSTANBULA YOLA DÜŞMÜŞDÜR
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının üzvü Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası işçi qrupunun iclasında iştirak etmək üçün martın 25-də İstanbula yola düşmüşdür.
Deputat AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, martın 25-26-da keçiriləcək toplantıda təşkilatın nizamnaməsinə və reqlamentinə əlavə və dəyişikliklər edilməsi, habelə cari məsələlər müzakirə olunacaqdır.
Son 3 ildə assambleyanın baş katibi və müavinlərinin seçkiləri zamanı müəyyən problemlər yaranmışdır. Böyük dövlətlər (təşkilatda nümayəndələrin sayı dövlətlərin əhalisinin sayı ilə müəyyən olunur) birləşərək məsələni öz xeyirlərinə həll edirdilər. Təşkilatın üzvlərindən 11 dövlət hamının maraqlarının təmin olunması üçün nizamnamə və reqlamentdə dəyişiklik aparılmasını təklif etmişdir. Bu məqsədlə yaradılmış işçi qrupun ötən ilin noyabr ayında İstanbulda keçirilən iclasında bəzi məsələlərə aydınlıq gətirilimişdir.
İndiki toplantıda nizamnamə və reqlamentə dəyişikliklə bağlı son tamamlama işləri başa çatdırılacaqdır.