İQTİSADİYYAT
MİLLİ MƏCLİSİN DEPUTATLARI XOCALI SOYQIRIMININ 14-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, fevralın 23-də Türkiyə Böyük Millət Məclisində deputatlarımızın iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş dinləmələr keçiriləcəkdir. Fevralın 24-də Ankaranın mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi açılacaq, Türkiyə ictimaiyyəti və Azərbaycanın qardaş ölkədəki səfirliyinin nümayəndələri ilə birlikdə anma mərasimi təşkil olunacaqdır. Mərasimdən sonra Ankaranın Esterqon abidəsində deputatların, Türkiyənin ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Fondunun təşkil etdiyi “Xocalı soyqırımı” adlı sərgi nümayiş etdiriləcəkdir. Sərgi ilə tanışlıqdan sonra Xocalı soyqırımına həsr olunmuş böyük tədbir keçiriləcək, Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filmi göstəriləcəkdir.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciəti oxunacaqdır. Sonra Milli Məclisin deputatları, ölkəmizin Türkiyədəki səfiri və ictimaiyyət nümayəndələri çıxış edəcəklər.