MİLLİ MƏCLİSİN İCLASINDA
AzerTAg.az
Aprelin 4-də Milli Məclisin iclası keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsinə başlamazdan əvvəl deputatlar Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra “Firma adlarının dövlət qeydiyyatı və qorunması haqqında” qanun layihəsinin müzakirəsinə başlanmışdır.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov layihə barədə məlumat verərək demişdir ki, bu qanun Azərbaycan Respublikasının ərazisində yaradılan hüquqi şəxslərin adlarının (firma adlarının) qeydə alınması, qorunması və istifadəsi ilə əlaqədar yaranan mülki hüquq münasibətlərini tənzimləyəcəkdir. Qanun qüvvəyə mindikdən sonra hüquqi şəxslər öz adlarını bu sənədə uyğun qaydada qeydə aldırmaq və qorunmasını təmin etmək hüququna malik olacaqlar.
Layihədə qanunun tətbiq sahəsi, adların seçilməsi, hüquqi mühafizəsi, hüquqi şəxslərin adlarının dövlət reyestri, adların istifadə qaydaları, hüquqi şəxsin adından qanunsuz istifadə edilməsinə görə məsuliyyət, adların hüquqi mühafizəsinə xitam verilməsi qaydası və sair müddəalar öz əksini tapmışdır.
Müzakirələr zamanı deputatlar qanun layihəsində bir sıra boşluqların olduğunu və bu çatışmazlıqların ölkədə sahibkarlığın inkişafına maneçilik törədəcəyini bildirmiş, yeni təkliflər irəli sürmüşlər.
Layihə müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınmaqla yenidən işlənilmək üçün komissiyaya qaytarılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var