SİYASƏT
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 14-də Milli Məclisin növbəti ümumi iclası olmuşdur.
Parlamentin sədri Murtuz Ələsgərov iclasın gündəliyini elan etdi. Deputatlar səs çoxluğu ilə gündəliyi təsdiqlədilər.
Gündəliklə bağlı müzakirələrdə çıxış edən deputatlar qaçqınların və məcburi köckünlərin problemlərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirdilər. Bu diqqət və qayğı dövlətimizin başçısının həmin kateqoriyadan olan əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi son Fərman və Sərəncamda bir daha əksini tapmışdır. Ermənistanın təcavüzkar siyasəti və terrorçuluq fəaliyyəti haqqında sənədin hazırlanması üçün işçi qrupunun yaradılması barədə təkliflər də səsləndi. Həmin sənəd ATƏT-in Berlində keçiriləcək yay sessiyasının müzakirəsinə çıxarılacaqdır.
Sonra deputatlar Milli Məclisin daimi komissiyalarının tərkibinə dəyişiklikləri və parlamentlərarası əlaqələr üzrə işci qruplarının tərkibinə dəyişiklik və əlavələri təsdiq etdilər.
İşçi qruplarının yeni tərkibi təsdiq olunduqdan sonra deputatlar “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişiklik və əlavələr edilməsi məsələsinin müzakirəsinə keçdilər.
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Əli Hüseynov dəyişikliklər və əlavələr barədə məlumat verdilər. Müzakirələrdən sonra Milli Məclis bu sənədi ikinci və üçüncü oxunuşda təsdiq etdi.
İclasda “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr barədə məsələ də müzakirə olundu.