SİYASƏT
MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASININ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Moskva Bəyannaməsi”nin, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət rejimindən istisnaların mərhələli ləğv edilməsi haqqında” Protokolun, “İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət əməkdaşlığı haqqında Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri Səttar Səfərov demişdir ki, Moskva Bəyannaməsi Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişafında mühüm rol oynayacaqdır.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayında Moskvaya səfəri zamanı imzalanmışdır. Bəyannamədə deyilir ki, tərəflər siyasi, iqtisadi-ticarət, humanitar, təhlükəsizlik və müdafiə, Xəzərdə əməkdaşlıq, universal və regional sahələrdə birgə əməkdaşlıq edəcəklər.
Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət rejimindən istisnaların mərhələli ləğvi ilə bağlı Protokol iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, əmtəə dövriyyəsinin artmasına, digər saziş isə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafına səbəb olacaqdır.
Müzakirələrin sonunda qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.