SİYASƏT


MİLLİ MƏCLİSİN KOMİSSİYASINDA GÖRÜŞ OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, avqustun 20-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında Latviya parlamenti nümayəndə heyəti ilə görüş olmuşdur.

Komissiyanın sədri, Avropa Şurasında Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonaqlara bildirdi ki, müstəqillik yolu ilə inamla irəliləyən ölkələrimizin ali qanunvericilik orqanları arasında əməkdaşlıq getdikcə genişlənir. Həm Latviyanın, həm də Azərbaycanın Avropa strukturlarına inteqrasiyası sürətlənir, beynəlxalq təşkilatların fəaliyyətində rolu güclənir. Bu dövlətlər bir sıra mühüm beynəlxalq məsələlərin həllində eyni mövqedən çıxış edirlər.

Sonra S.Seyidov dedi ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının konstitusiya hüquqları dövlət tərəfindən qorunur. Tolerantlıq hamı tərəfindən qəbul edilən prinsipə çevrilmişdir.

Komissiyanın sədri Latviyada Azərbaycan diasporu üçün əlverişli şərait yaradılmasından məmnun qaldığını vurğulamışdır.

Qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə aparılan quruculuq işləri barədə də məlumat verildi. Ermənistanın Azərbaycana hərbi təcavüzündən və onun ağır nəticələrindən söz açıldı.

Latviya parlament nümayəndə heyətinin başçısı Oskars Kastens Azərbaycana səfərindən məmnun qaldığını bildirdi. O xatırlatdı ki, Strasburqda Avropa Şurasının qarşısında Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimində iştirak etmiş və həmin günü heç vaxt unutmayacaqdır. Qonaq dedi ki, Baltikyanı ölkələr, o cümlədən Latviya Qafqazda münaqişə ocaqlarının söndürülməsində iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.