SİYASƏT
MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Xəbər verdiyimiz kimi, Böyük Britaniya parlamentinin nümayəndə heyəti bu il mayın 30-dan iyunun 4-dək Azərbaycanda səfərdə olmuşdur. Böyük Britaniyadan aldığımız rəsmi məlumatda bildirilir ki, nümayəndə heyətinin tərkibində olmuş İcmalar palatasının üzvü, leyborist Robert Veyrinq Böyük Britaniya hökumətinə 3 sualla müraciət etmişdir.
Xarici işlər və Birlik işləri üzrə, beynəlxalq inkişaf məsələləri üzrə dövlət katiblərinə ünvanlanmış bu suallarda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Minsk qrupunun nümayəndələri və Azərbaycanla hansı müzakirələrin aparılması, son beş ildə qaçqınlar problemi ilə bağlı Azərbaycana nə kimi yardımlar göstərilməsi, bu barədə Azərbaycanda neft sahəsində fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinə müraciət edilməsi haqqında məsələlərə toxunulur.
Bu suallar Azərbaycanda səfərdə olmuş Böyük Britaniya parlament nümayəndə heyətinin respublikamıza göstərdiyi diqqətin təzahürüdür. Məlumatda bildirilir ki, suallara yaxın vaxtlarda rəsmi cavab veriləcəkdir.