SİYASƏT
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI
Milli Məclisin sədri Murtuz Ələsgərov məlumat verdi ki, 59 deputat parlamentin rəhbərliyinə müraciət edərək, növbədənkənar sessiyanın çağırılmasını xahiş etmişdir.
Sonra o, növbədənkənar sessiyanı açıq elan etdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Milli Məclisin deputatları qeydiyyatdan keçdikdən sonra parlamentin sədri elan etdi ki, 105 nəfər deputat iştirak edir, yetərsay var və sessiyanın işinə başlamaq olar.
Sonra Murtuz Ələsgərov dedi:
-Məclisin gündəliyində bir məsələ vardır. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyevin Milli Məclisə məktubu daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi üçün razılıq verilməsi məsələsini müzakirənizə təqdim edirəm. Cənab Prezident Heydər Əliyevin məktubu 2 avqust 2003-cü ildə imzalanmışdır.
Deputatlar Azərbaycan Respublikası Prezidentinin məktubunu alqışlarla qarşıladılar.
Sonra gündəlik səsə qoyularaq təsdiq olundu.