SİYASƏT


MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ İLHAM ƏLİYEV AŞPA-NIN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR

Fevralın 12-də Milli Məclisdə Azərbaycanın Avropa Şurasındakı parlament nümayəndə heyətinin rəhbəri İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür. 

İlham Əliyev qonaqları salamlayaraq Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndiyini, yüksələn xətlə inkişaf etdiyini bildirdi. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində görülən kompleks tədbirləri vurğulayan İlham Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarına da xüsusi diqqət yetirildiyini söylədi. Qeyd olundu ki, Azərbaycanda daxili sabitliyin möhkəmləndirilməsi və ölkəmizin bütün sahələrdə beynəlxalq birliyə layiqincə inteqrasiyası üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır.

İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının hesabatında Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsinin və bir milyondan çox soydaşımızın öz vətənində məcburi köçkün həyatı sürməsinin ilk dəfə konkret əksini tapmasını çox yüksək qiymətləndirdi. Ümüdvar olduğunu bildirdi ki, bu işğalın nəticələri və məcburi köçkünlərin taleyi, yüz minlərlə insanın ən ali haqlarının tapdanması faktları bundan sonra da AŞPA-nın daim diqqət mərkəzində olacaqdır.

İlham Əliyev daha bir məqama xüsusi diqqət yetirməyin vacibliyini vurğulayaq təəssüflə dedi ki, Azərbaycanda dövlətçiliyin inkişafına mane olan, ağır cinayətlər törətmiş ayrı-ayrı şəxslər ölkəmizdə gedən demokratikləşmə prosesindən sui-istifadə edərək, öz bəd əməllərini ört-basdır etməklə məsələlərə siyasi don geyindirməyə cəhd göstərir, Azərbaycanda guya siyasi baxışlarına görə təqib olunduqları barədə beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında rəy formalaşdırmağa çalışırlar. Bu baxımdan konkret cinayət əməlləri beynəlxalq səviyyədə də sübuta yetirilmiş, bütün fəaliyyəti korrupsiya əməlləri ilə sıx bağlı olan və Azərbaycandan kənarda dövlətçiliyimizin, müstəqilliyimizin əleyhinə təbliğatla məşğul olan Rəsul Quliyev xüsusi fəallığı ilə seçilir. İlham Əliyev istər ölkəmizdə, istərsə də digər üzv dövlətlərdə bu cür arzuolunmaz hallara qarşı kəskin mübarizə aparmağın zəruriliyini bildirdi, AŞPA-nın təmsilçilərini buna qarşı barışmaz olmağa çağırdı.

Qonaqlar Azərbaycanda səfərdə olduqları müddətdə onlara göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlıqlarını bildirdilər. Xüsusilə ilk dəfə ölkəmizə gələn AŞPA Monitorinq Komitəsinin üzvü danimarkalı Soren Sonderqaard bu qonaqpərvərliyə məftun olduğunu vurğuladı. Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin üzvü belçikalı Corc Kleyfart, Assambleyanın Monitorinq Komitəsinin üzvü isveçrəli Andreas Qross və cənab Soren Sonderqaard Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin bu mötəbər beynəlxalq təşkilat qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini bildirdilər. Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində atılan addımlarda Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rolunun böyük olduğunu söyləyən qonaqlar onun AŞPA-nın rəsmi tədbirlərində fəallığı ilə seçildiyini də qeyd etdilər. Onlar bu əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bundan sonra da əsaslı səy göstəriləcəyinə əminliklərini vurğuladılar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.