SİYASƏT
MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının 2007-ci il yaz sessiyası öz işinə başlayacaqdır. Tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputatlardan Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva və Sabir Hacıyev iştirak edəcəklər.
Sessiyanın gündəliyinə Azərbaycanın və Monako Knyazlığının qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Avropada insan hüquqları və demokratiyanın vəziyyəti, qurumun monitorinq prosedurunun təkmilləşdirilməsi, Çernoqoriyanın təşkilata üzvlüyü, dərman preparatlarının keyfiyyəti, saxta mallarla ticarətin qarşısının alınmasına dair Avropa Şurası Konvensiyası barədə məsələlər daxildir.
Səfər müddətində deputatlarımız Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə məruzə ətrafında çıxışlar edəcək, müzakirələrə qatılacaqlar.
Səfər aprelin 21-də başa çatacaqdır.