SİYASƏT
MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ SANKT-PETERBURQA GETMİŞDİR
Milli Məclisin deputatları Siyavuş Novruzov və Ağabəy Əsgərov NATO Parlament Assambleyasının siyasi, müdafiə və təhlükəsizlik, elm və texnologiya komitələrinin birgə iclasında iştirak etmək üçün Sankt-Peterburqa getmişlər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iclasda İraqda vəziyyət, onun beynəlxalq münasibətlərə təsiri, NATO ilə əlaqələrin inkişafı, hərbi islahatların aparılması və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaqdır.
Nümayəndə heyətinin üzvü Siyavuş Novruzov AZƏRTAC-ın müxbirinə demişdir ki, iclasda məsələlərin qoyuluşu və müzakirələrin gedişindən asılı olaraq nümayəndə heyətimiz Azərbaycanın üzləşdiyi münaqişə, torpaqlarımızın işğalı barədə məsələ qaldıracaqdır. Əsas məqsəd dünya ictimaiyyətinin və NATO-nun diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə daha yaxından cəlb etmək və Azərbaycanın sülhsevər siyasət yürütdüyünü bir daha onların diqqətinə çatdırmaqdır.