SİYASƏT
MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT DAİMİ KOMİSSİYASINDA ÖZBƏKİSTAN GƏNCLƏR TƏŞKİLATININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Aprelin 7-də Milli Məclisin sosial siyasət daimi komissiyasında ölkəmizdə qonaq olan Özbəkistan Respublikası “Kamolot” Gənclər İctimai Hərəkatı Mərkəzi Şurasının nümayəndə heyəti ilə görüş olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, komissiyanın sədri Hadi Rəcəbli qonaqlara respublikamızda həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat vermişdir. Azərbaycan gənclərinin ən layiqli nümayəndələrinin ölkəmizin ali qanunvericilik orqanında təmsil olunduğunu, gənclərlə, onlara göstərilən qayğı ilə bağlı qanunlar qəbul edildiyini söyləmiş, böyüməkdə olan gənc nəslin problemlərinə dövlət rəhbərliyinin daim diqqət yetirdiyini vurğulamışdır.
Özbəkistan Respublikası “Kamolot” Gənclər İctimai Hərəkatı Mərkəzi Şurası sədrinin müavini Ənvər Bozorov təmsil etdiyi təşkilatın strukturu, fəaliyyəti və gənclərin həyat və fəaliyyəti ilə bağlı görülən işlər barədə söz açmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.