İQTİSADİYYAT


MİLLİ MƏCLİS 2005-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ HAQQINDA QANUN LAYİHƏSİNİ QƏBUL ETMİŞDİR

Dekabrın 3-də Milli Məclisin növbəti iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, səhər iclasında 2005-ci ilin Dövlət büdcəsi zərfində parlamentə daxil olmuş qanun layihələrinin müzakirəsi davam etdirilmişdir.

İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verərək demişdir ki, Qanunun 2.6-cı maddəsinə yeni bənd əlavə ediləcəkdir. Bu əlavəyə görə, nəqliyyət vasitələrinin illik texniki baxışdan keçirilməsi üçün müəyyən olunmuş rüsumun dərəcələri dəyişdirilir. Avtonəqliyyat vasitələri texniki baxış zamanı şərti maliyyə vahidinin 2 misli, digər nəqliyyat vasitələri (motonəqliyyat vasitələri, qoşqu və yarımqoşqular) şərti maliyyə vahidinin 1 misli məbləğində dövlət rüsumu ödəyəcəklər. Qanun layihəsinə edilən digər dəyişilkliklərdə dövlət büdcəsindən maliyyələşdirilən idarə və müəssisələrə məxsus avtonəqliyyat vasitələrinin dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun tam məbləğdə dövlət büdcəsinə ödənilməsi məsələləri də nəzərdə tutulmuşdur.

Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklər barədə məlumat vermişdir.

Qanuna təklif olunan dəyişikliklər sosial sığorta ödənişlərinin yığılmasının asanlaşdırmaqla yanaşı, əhalinin sosial vəziyyətinə də müsbət təsir göstərəcəkdir. Belə ki, sosial sığortanın işəgötürənlər tərəfindən əmək haqqı fondundan ödənilən hissəsinin dərəcələrinin 27 faizdən 22 faizə endirilməsi nəzərdə tutulur. Bu da işçilərin sayının gizlədilməsinin və digər mənfi halların aradan qaldırılmasına səbəb olacaqdır. Digər dəyişiklik isə bilavasitə işçilər tərəfindən ödənilən vəsaitin 2 faizdən 3 faizə qaldırılmasıdır. Ümumilikdə isə sosial sığorta haqqı şəklində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ayrı-ayrı hüquqi şəxslər tərəfindən ödəniləcək vəsaitin həcminin ümumi əmək haqqı fondunun təqribən 29 faizindən 25 faizə endirilməsi nəzərdə tutulur.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin 2005-ci il üçün xərclər smetası müzakirə olunmuşdur.

Layihə ilə bağlı Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev məlumat vermişdir.

Azərbaycan Respublikası Milli Məclisinin və onun Aparatının 2005-ci il üçün xərclər smetası 38.993.465.000 (otuz səkkiz milyard doqquz yüz doxsan üç milyon dörd yüz altmış beş min) manat təsdiq edilmişdir. Bu məbləğin 23.553.425.000 manatı əmək haqqı fonduna ayrılacaqdır. Bunun 8.320.620.000 manatı deputatların, 3.952.560.000 manatı isə Milli Məclis Aparatı işçilərinin əmək haqqına sərf olunacaqdır.

Günün ikinci yarısında 2005-ci ilin Dövlət büdcəsi haqqında qanun layihəsi səsə qoyulmazdan əvvəl Milli Məclisin sədri Murtuz Ələsgərov ilk sözü maliyyə naziri Əvəz Ələkbərova verdi. Nazir dedi ki, gələn il üçün büdcə layihəsinin müzakirəsi zamanı deputatların qaldırdıqları məsələlər qruplaşdırılmışdır. Həmin məsələlər barədə Azərbaycan Prezidenti İlham Əliyevə ətraflı məlumat verilmiş, dövlətimizin başçısı onların bəzilərinin həllinin məqsədəuyğun olduğunu hesab etmişdir. Bunlar 2005-ci il büdcə layihəsində öz əksini tapmışdır.

İkinci qrup məsələlər deputatların təklifləri əsas götürülməklə öz həllini tapacaqdır.

Üçüncü qrup məsələlər isə investisiya proqramı çərçivəsində həll olunacaqdır. Əsaslı vəsait qoyuluşuna, tikintiyə və əsaslı təmirə aid məsələlər buraya daxildir.

Dördüncü qrup məsələlər isə perspektiv dövrləri əhatə edir.

Nazir dedi ki, bələdiyyələrin maliyyə təminatını möhkəmləndirmək və onların gəlirlərini artırmaq məqsədi ilə fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydalarına düzəliş edilməsi məqsədəuyğundur.

Daha sonra maliyyə naziri qanun layihəsində bəzi dəyişikliklərin edilməsi barədə konkret təkliflərini söylədi.

Nazir qanun layihəsinə büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrinin əlavə edilməsi vacibliyini də vurğulayaraq təkliflərini açıqladı.

Ə.Ələkbərov bildirdi ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputatların bəzi təklifləri nəzərə alınaraq, layihəyə müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədəuyğun sayılmışdır. Büdcədə ilin sonuna qalan qalığın həm növbəti ilin xərclərinin ödənilməsinə, həm də büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldilməsi daha səmərəli hesab edilmişdir.

Maliyyə naziri onu da vurğuladı ki, dövlət investisiya xərclərinin bölgüsündə regionların xüsusi çəkisi artırılmış, təhsilin, səhiyyənin, mədəniyyətin maddi-texniki təminatının yaxşılaşdırılması, yolların tikintisi və əsaslı təmiri, abadlıq işlərinin aparılması üçün 2004-cü ilə nisbətən nəzərəçarpacaq dərəcədə çox vəsait ayrılmışdır.

Çıxışının sonunda Ə.Ələkbərov əmin etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməklə ölkəmizin maliyyə imkanları artacaq, Azərbaycan güclü dövlətə çevriləcək, əhalinin sosial təminatı daha da yaxşılaşacaqdır.

Sonra “2005-ci il üçün Dövlət büdcəsi”, “Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il üçün büdcə layihəsi”, “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında, “Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında, “Əmək Məcəlləsi”nə dəyişikliklər edilməsi haqqında, “2005-ci il üçün xərclər smetası haqqında” Qanun layihələri səsə qoyularaq yekdilliklə qəbul edildi. Bununla da Milli Məclisin iclası öz işini başa çatdırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.