İQTİSADİYYAT
MİLLİ MƏCLİS “AZƏRBAYCAN RESPUBLİKASINDA “ZIĞ” VƏ “HÖVSAN” NEFT YATAQLARININ DAXİL OLDUĞU BLOKUN BƏRPASI, İŞLƏNİLMƏSİ VƏ HASİLATIN PAY BÖLGÜSÜ HAQQINDA” SAZİŞİ TƏSDİQLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin martın 6-da keçirilmiş iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “RossNeft” Abşeron İnvestments Limited şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında “Azərbaycan Respublikasında “Zığ” və “Hövsan” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” saziş təsdiq edilmişdir.
Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov demişdir ki, 2006-cı il noyabrın 3-də Bakı şəhərində imzalanmış bu sənəd Azərbaycanın milli maraqlarına xidmət edir. 1935-ci ildən istismarda olan “Zığ” yatağında hazırda 9 quyu fəaliyyət göstərir, bir quyu isə fəaliyyətsiz fonddadır. İstismara verildiyi vaxtdan 2007-ci il yanvarın 1-dək yataqdan 6 milyon 250 min ton neft, 1 milyard 359 milyon kubmetr qaz hasil olunmuşdur.
“Hövsan” yatağı isə 1948-ci idən istismardadır və 2007-ci il yanvarın 1-dək buradan 3 milyon 101 min ton neft, 1 milyard 134 milyon kubmetr qaz çıxarılmışdır. Hazırda yataqda 17 quyu fəaliyyət göstərir, 4 quyu isə fəaliyyətsiz fonddadır.
Sazişə əsasən, ARDNŞ-in Ortaq Neft Şirkəti 25 faiz, “RossNeft” isə 75 faiz paya malik olacaqdır. Sazişin icrası ilə əlaqədar əməliyyat şirkəti yaradılacaqdır. Layihə çərçivəsində birinci 5 ildə işləyəcək mühəndis-texniki heyətin 70 faizi, sonrakı illərdə 90 faizi, fəhlə qüvvəsinin isə birinci 5 ildə 90 faizi, sonrakı illərdə isə 95 faizdən çoxu Azərbaycan vətəndaşları olacaqdır.
Qanun layihəsi lehinə 100 səslə qəbul edilmişdir.