SİYASƏT
MİLLİ MƏCLİS BƏZİ QANUNLARA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
Milli Məclisin martın 25-də keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar yeni yaradılmış Mətbuat Şurasının mətbu orqanların fəaliyyətinə nəzarət mexanizminin formalaşdırılması, İraq müharibəsi başlandıqdan sonra Qəbələ RLS-in fəaliyyətinin gücləndirilməsi və tərəflər arasında imzalanmış sazişin ziddinə olaraq, toplanmış məxfi məlumatların İraqa ötürülməsi ehtimalları barədə məsələnin müzakirəyə çıxarılmasını təklif etmişlər.
Qaldırılan məsələlərə münasibət bildirən Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir ki, Mətbuat Şurası bəzi qəzet və jurnalların haqsız, təhqiramiz yazılarına yəqin ki, biganə qalmayacaqdır. Qəbələ RLS isə Rusiya və Azərbaycan arasında imzalanmış sazişə əsasən fəaliyyət göstərir. Əldə edilmiş məlumatların üçüncü tərəfə ötürülməsi barədə isə heç bir məlumat yoxdur.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanmışdır. M.Ələsgərov demişdir ki, Prezident Heydər Əliyev qanunvericilik təşəbbüsü ilə bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi ilə bağlı parlamentə qanunlar paketi göndərmişdir.
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov “Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında”, sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova bəzi qanunvericilik aktlarına (“Vətəndaşların pensiya təminatı haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Bələdiyyələrin statusu haqqında”), eləcə də “Gənclər siyasəti haqqında”, “İcbari ekoloji sığorta haqqında” Qanunların tətbiqi ilə əlaqədar bəzi qanunlara edilən əlavə və dəyişikliklər barədə məlumat verdilər. Deputatlar təklif olunan əlavə və dəyişiklikləri təsdiqlədilər. Sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik edilməsi məsələsi müzakirə olunaraq qəbul edilmişdir.