SİYASƏT
MİLLİ MƏCLİS BƏZİ QANUNLARI ÜÇÜNCÜ OXUNUŞDA QƏBUL ETMİŞDİR
Deputatlar “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Siyasi partiyalar haqqında”, Seçki Məcəlləsinə və bir sıra digər qanunlara əlavələrin və dəyişikliklərin edilməsi məsələsinin müzakirəyə çıxarılması təklifi etmişlər.
Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir ki, Seçki Məcəlləsi istisna olmaqla, adları çəkilən digər qanunlara əsaslı dəyişikliklər və əlavələr edilməsi haqqında layihə yaxın günlərdə parlamentin müzakirəsinə çıxarıla bilər. Seçki Məcəlləsi Avropa standartlarına cavab verdiyi üçün ona əsaslı dəyişikliklər edilməsinə ehtiyac yoxdur.
Sonra gündəliyin müzakirəsinə başlanmışdır.
“Fövqəladə vəziyyət haqqında”, “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda qəbul olunmuş, bəzi qanunlara dəyişikliklər və əlavələr edilmişdir.
Milli Məclis, həmçinin Azərbaycanın “Dənizdə insan həyatının mühafizəsinə dair” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” beynəlxalq konvensiyalara, əlavələrə və protokola qoşulması barədə qərarı qəbul etmişdir.