İQTİSADİYYAT
MİLLİ MƏCLİS DAHA BİR NEFT MÜQAVİLƏSİNİ TƏSDİQ ETMİŞDİR
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova bildirmişdir ki, “Pirsaat neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş Azərbaycan Prezidentinin 2003-cü il 21 may tarixli Sərəncamına uyğun olaraq bu il iyun ayının 4-də Bakı şəhərində imzalanmışdır.
Saziş 33 maddədən, 10 əlavə və ARDNŞ-in Ortaq Neft Şirkətinin yaradılmasına dair Qoşmadan ibarətdir. Layihənin iştirakçıların pay bölgüsü ilə bağlı 1-ci maddəsində bildirilir ki, Sazişin bağlandığı tarix üçün iştirak payı Ortaq Neft Şirkətinə 20,0 faiz, Şenq Li Oylfild Şenq Da Qrup Kompani şirkətinə 50 faiz, yeni podratçı tərəflərə 30 faiz nəzərdə tutulmuşdur.
ARDNŞ Podratçıya bu Sazişin qüvvədə olduğu müddətdə müqavilə sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda, bu Sazişin şərtlərinə əsasən Podratçı neft-qaz əməliyyatlarının beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş prinsiplərə uyğun olaraq işgüzarlıqla, təhlükəsiz və səmərəli aparmağı öhdəsinə götürür.
Pirsaat yatağında müfəssəl geoloji tədqiqatlara 1930-cu ildən sonra başlanmışdır. Onun sənaye qiyməti 1985-ci ildə verilmişdir və hazırda yataq işlənməkdədir. İstismar fondunda 25 quyu vardır, bunlardan 10 quyu təqribən ildə 4,8 min ton neft hasilatı ilə istismar olunmaqdadır. Burada qalıq neft ehtiyatı 7 milyon ton, çıxarıla bilən qalıq neft ehtiyatı isə 1,5 milyon ton həcmində qiymətləndirilir.
Saziş layihəsinin müzakirəsi zamanı deputatlar bu müqaviləni möhtərəm Heydər Əliyevin həyata keçirdiyi neft siyasətinin uğurlu davamı kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, Çinin iri neft şirkətinin Azərbaycan neftinə maraq göstərməsi və imzalanmış bu müqavilə təkcə iqtisadi deyil, həm də ölkələrimiz arasında siyasi və digər münasibətlərin də inkişafında mühüm rol oynayacaqdır.
Sonra ARDNŞ-in prezidenti Natiq Əliyev deputatları maraqlandıran suallara cavab vermişdir. O demişdir ki, möhtərəm Heydər Əliyev tərəfindən təməli qoyulmuş neft strategiyası bu gün də uğurla davam etdirilir. Dünyanın iri şirkətləri ilə dənizdəki neft yataqlarının istismarına dair müqavilələrin imzalanması ölkəmizə güclü sərmayə axınına şərait yaratmışdır. Əgər bu günə qədər xarici şirkətlər yalnız dənizdəki yataqlara maraq göstərirdisə, artıq bu maraq qurudakı yataqları da əhatə etməkdədir. Dünyanın 30 ölkəsində müştərək iş görən və ildə 27 milyon ton neft hasil edən Çin Xalq Respublikasının Şenq Li Şirkətinin mütəxəssisləri Pirsaat yatağına dair məlumatları dəqiqliklə öyrəndikdən sonra müqavilə imzalamağa razılıq vermişlər. Onların bu addımı digər şirkətlərin də marağına səbəb olacaqdır. Ona görə ki, Azərbaycanda işlənməli belə yataqlar hələ çoxdur.
İclasda iştirak edən Şenq Li Şirkətinin xarici sərmayə idarəsinin rəisi Li Anxiya deputatlara öz minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, təmsil etdiyi şirkət digər ölkələrdə işlədiyi kimi, Azərbaycanda da səmərəli iş görəcəkdir.
Müzakirələrin sonunda 103 səs lehinə, 1 nəfər bitərəf qalmaqla Saziş təsdiq olunmuşdur.