SİYASƏT
MİLLİ MƏCLİS SEÇKİ MƏCƏLLƏSİNİN İKİNCİ OXUNUŞDA MÜZAKİRƏSİNƏ BAŞLADI
Milli Məclisin martın 31-də keçirilmiş növbədənkənar iclasında “Seçki Məcəlləsi” layihəsinin ikinci oxunuşda müzakirəsinə başlanmışdır.
Müzakirələrə başlamazdan əvvəl deputatlar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Parlamentin sədri Murtuz Ələsgərov xatırlatdı ki, Seçki Məcəlləsinin layihəsi birinci oxunuşda müzakirə edilərək əsas kimi qəbul olunmuşdur. Qarşıda prezident seçkiləri gəlir və vaxtın azlığı nəzərə alınaraq, Milli Məclis aprelin 6-na qədər fasiləsiz işləməklə layihəni ikinci oxunuşda qəbul etməlidir.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bildirdi ki, layihə birinci oxunuşda müzakirə olunarkən 65 deputat çıxış edərək 75 təklif vermişdir və hazırda bunlar öyrənilir.
Sonra müzakirələr başlandı və deputatlar 1-ci fəsillə bağlı fikirlərini bildirdilər. Təkliflərin əksəriyyəti redaktə xarakterli olsa da, əcnəbilərin səsvermədə iştirakı, seçki kampaniyasında siyasi partiya liderlərinin, habelə jurnalistlərin hüquqlarının qorunması, seçkilərin boykot edilməsi və sair barədə təkliflər də səsləndi. Müxalifəti təmsil edən deputatlar ümumən layihənin əleyhinə olmadıqlarını bildirdilər. Bəzi deputatlar isə siyasi partiya liderlərinin müzakirələrə dəvət olunmalarını təklif etdilər.
Parlamentin sədri dedi ki, layihə bir neçə dəfə geniş müzakirə olunarkən müxalifət liderləri bunlarda iştirakdan imtina etmişdilər. İndi onların Milli Məclisdə keçirilən müzakirələrə dəvət olunmalarına heç bir əsas və ehtiyac yoxdur.
Ş.Əliyev təkliflərə münasibətini bildirərək xatırlatdı ki, seçkilər keçirilən zaman xarici vətəndaşların səsvermədə iştirakı Konstitusiya ilə təsbit olunmuşdur, ona görə də heç bir qanun Konstitusiyaya zidd ola bilməz. Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin yalnız seçilmək hüququ yoxdur.
Seçkilər boykot edilə bilməz, ona görə ki, əvvəlki qanunda nəzərdə tutulmuş yetərsay yeni layihədə öz əksini tapmamışdır. Belə olan halda seçkiləri boykot etmək də mümkün deyildir.
Aprelin 1-də layihənin fəsil-fəsil müzakirəsi davam etdiriləcəkdir.