SİYASƏT
MİLLİ MƏCLİS SEÇKİ MƏCƏLLƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNİ DAVAM ETDİRMİŞDİR
Milli Məclisin aprelin 7-də keçirilmiş iclasında Seçki Məcəlləsi layihəsinin müzakirəsi davam etdirilmişdir.
Müzakirələr zamanı deputatlar Siyavuş Novruzov, Rüfət Ağalarov, Zahid Orucov, Şadman Hüseyn, Tapdıq Kamalov Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydə alınması üçün 450 imzanın az olduğunu və Məcəllədə bu rəqəmin heç olmasa 1000-ə çatdırılmasını, eləcə də, imzaların bir neçə dairədən toplanmasını təklif etmişlər. Deputat Aydın Mirzəzadə təkmandatlı seçki dairələrinin ləğv edilməsini, İsmayıl Ömərov isə prezidentliyə, Milli Məclisə deputatlığa və bələdiyyə üzvlüyünə namizədlərin ailə üzvləri və yaxınları barədə seçki komissiyalarına arayışların təqdim edilməsinin vacibliyini vurğulamışlar. Bəzi deputatlar isə namizədlərin televiziya ilə çıxışlarının qabaqcadan nəzarətdən keçməsinin, bəziləri isə vətəndaşın 2 dəfədən artıq deputat seçilməsinə qadağa qoyulmasını, namizədlərin depozitlərinin qaytarılması ilə bağlı faiz dərəcələrinin aşağı salınmasını vacib saymışlar.
Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev irad və təkliflərə münasibət bildirmişdir. O, demişdir ki, deputatlığa namizədlərin qeydə alınması üçün 450 imzanın toplanması Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gəlir. Belə ki, Avropa Şurası Venetsiya Komissiyasının seçkilərlə bağlı normativlərinə görə namizədlərin dəstəklənməsi üçün toplanmış imzaların sayı seçicilərin 1 faizi müqabilində müəyyənləşdirilməlidir. İmzaların bir neçə dairədən toplanması isə məqsədəuyğun olardı. Hər halda bunu Milli Məclis özü müəyyən etməlidir.
Təkmandatlı seçki dairələrinin ləğvi isə mümkün deyil. Ona görə ki, bələdiyyələr məhz təkmandatlı və çoxmandatlı dairələrdən seçilirlər. Namizədlərin çıxışlarının əvvəlcədən yoxlanılması isə vətəndaşların söz azadlıqlarına zidd olduğu üçün mümkün deyildir. Amma çıxışları zamanı namizədlər dedikdəri sözlərə görə məsuliyyət daşıyırlar.
Yəni onlar dediklərə sözlərə və kiminsə şəxsiyyətini təhqirə görə məsuliyyətə cəlb edilə bilərlər. Depozitlərə gəldikdə isə rəqəmin bir qədər azaldılması məqsədəuyğun sayılmış və namizəd səslərin 10 faizini deyil, 7 faizini qazandığı halda qoyduğu depoziti geri ala biləcəkdir. Depozitlərin şərti maliyyə vahidi ilə deyil, minimum əmək haqqı ilə müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə əhalinin gəlirləri, buna müvafiq olaraq minimum əmək haqqı artır. Bu da öz növbəsində seçki fondlarının artırılmasına səbəb olacaqdır. Prezident seçkilərindən fərqli olaraq, vətəndaşlar 2,3 dəfə və daha çox deputat seçilə bilərlər. Milli Məclis kollegial orqandır və burada peşəkarlar daha çox fayda verərlər. Vətəndaşlara həmçinin yaşamadığı bölgədən namizədliyini irəli sürməsinə də icazə verilir.
Müzakirələr gələn iclaslarda davam etdiriləcəkdir.