MİLLİ MƏŞĞULLUQ STRATEGİYASINA HƏSR OLUNMUŞ SEMİNAR
“Həyat Recensi-Naxçıvan” mehmanxanasında Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi “Azərbaycanda milli məşğulluq strategiyasının hazırlanması” mövzusunda seminar keçirmişlər. Nazir Əli Nağıyev Beynəlxalq Əmək Təşkilatı ilə nazirlik arasında əməkdaşlığın möhkəmləndiyini, bu mötəbər beynəlxalq qurumun, habelə BMT-nin ölkəmizdəki nümayəndəliyinin Azərbaycanın problemlərinə diqqətlə yanaşdığını vurğulamış, əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. O demişdir ki, BMT-nin İnkişaf Proqramı məşğulluq problemi ilə bağlı layihəyə 100 min ABŞ dolları məbləğində vəsait ayırmışdır. Milli məşğulluq problemi ilə bağlı ölkəmizdə başlanmış işin yaxın vaxtlarda real nəticələr verəcəyi qeyd olunmuşdur. Tədbirdə çıxış edən BƏT-in Məşğulluq Strategiyası Departamentinin direktoru Dunkan Kampbel, BMT-nin respublikamızdakı rezident-əlaqələndiricisi Marko Borsotti və başqaları Azərbaycanda milli məşğulluq strategiyasının hazırlanmasının böyük əhəmiyyətindən danışmış, bu layihənin həyata keçirilməsinin müsbət nəticələr verəcəyinə inandıqlarını bildirmişlər.