İQTİSADİYYAT
“MİLLİ NET-2009” MÜSABİQƏSİNİN QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Bakı, 21 dekabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, Azərbaycan İnternet Forumunun keçirdiyi «Milli Net-2009» müsabiqəsinin 11 nominasiya üzrə qalibləri müəyyən edilmişdir.
Müsabiqənin nəticələrinə əsasən, ən yaxşı korporativ sayt nominasiyasında www.mazda.az, qeyri-kommersiya saytları arasında www.adam.az, media nominasiyasında www.azadliq.az, mədəniyyət, incəsənət, tarix və turizm nominasiyasında www.azerbaijan.az, ailə, uşaq və sağlamlıq nominasiyasında www.evlenirik.biz, idman nominasiyasında www.qol.az, fərdi saytlar və bloqlar nominasiyasında www.jurnalistler.com, xidmət (servis) nominasiyasında www.avtomobil.az, elm və təhsil nominasiyasında www.bsu.edu.az, dövlət və bələdiyyə saytları nominasiyasında www.taxes.gov.az, əyləncə nominasiyasında isə www.milyarder.oyunlar.az qalib élan olunmuşlar.
«Milli Net» Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.