İDMAN


MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ QƏBUL

İyulun 9-da Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un prezidenti, Milli Məclisin deputatı İlham Əliyev iyunun 22-dən iyulun 3-dək Naxçıvanda keçirilmiş gənclər arasında şahmat üzrə dünya çempionatı Təşkilat Komitəsinin sədri, Azərbaycan Şahmat Federasiyasının AŞF prezidenti, Milli Məclisin deputatı Aynur Sofiyevanı, yarışın baş hakimi Faiq Həsənovu, şahmat üzrə milli komandamızın baş məşqçisi Fikrət Sideifzadəni, çempionatın qızıl medalına layiq görülmüş Şəhriyar Məmmədyarovu, bürünc mükafatın sahibi Zeynəb Məmmədyarovanı, onların valideyni Həmid Məmmədyarovu və şahmat üzrə kişilər arasında dünya çempionatına vəsiqə qazanmış Qədir Hüseynovu qəbul etmişdir. Onları səmimiyyətlə salamlayan MOK-un prezidenti İlham Əliyev qazanılan uğurlara görə şahmatçıları təbrik etdi, doğma Vətənimizdə keçirilən bu çempionatın xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və dedi ki, gələcəkdə beynəlxalq və ölkədaxili yarışlar təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif şəhərlərində də təşkil oluna bilər. Bunun üçün ölkəmizdə bir çox müasir idman kompleksləri vardır və yaxın gələcəkdə digər şəhərlərdə də beynəlxalq yarışlar keçiriləcəkdir.İlk dəfə dünya miqyaslı çempionatın blokada şəraitində yaşayan Naxçıvanda keçirilməsini yüksək qiymətləndirən MOK-un prezidenti dedi ki, bu, Azərbaycanda şahmatın inkişafına və geniş yayılmasına yeni təkan verəcəkdir. İdmançilarımızın uğurlu çıxışı bizi daha da sevindirir. Azərbaycanı layiqincə təmsil etdiklərinə görə onlara təşəkkür edən, Beynəlxalq və Avropa Şahmat federasiyalarının yarışın təşkilindən razı qaldıqlarını diqqətə çatdıran natiq dedi ki, bu nailiyyətlərin qazanılmasında Şahmat Federasiyasının, Gənclər, İdman və Turizm Nazirliyinin, MOK-un və məşqçilərin fəaliyyəti və əməyi böyükdür. Dünyanın 32 ölkəsinin 80-dən çox şahmatçısı arasında Şəhriyar və Zeynəb Məmmədyarovların qızıl və bürünc medal qazanmaları onu göstərir ki, Azərbaycanın idman potensialı çox güclüdür. AŞF-in prezidenti, çempionatın Təşkilat Komitəsinin sədri, Milli Məclisin deputatı Aynur Sofiyeva, yarışın baş hakimi Faiq Həsənov onlara göstərilən diqqət və qayğıya görə İlham Əliyevə idmançılar adından təşəkkür etdilər, təşkilati işlərdən, belə görüşlərin əhəmiyyətindən danışdılar, bu gün ölkəmizdə idmanın inkişafı üçün böyük işlər görüldüyünü diqqətə çatdırdılar. Onlar çempionatın yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə görə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər, buna bütün çempionat iştirakçıları – idmançılar, onların məşqçiləri, valideynləri tərəfindən, eləcədə internet saytlarında yüksək qiymət verildiyini nəzərə çarpdırdılar və dedilər ki, idmançılarımız bundan sonra da yeni-yeni qələbələrlə xalqımızı sevindirəcəklər. MOK-un prezidenti İlham Əliyev Naxçıvanda bu işi təşkil edənlərin fəaliyyətini bir daha yüksək qiymətləndirərək dedi ki, bu gün Muxtar Respublika çox sürətlə inkişaf edir, geniş abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni müəssisələr yaradılır. Orada idman baxımından müvafiq infrastruktur yaradılır. Həmin bu çempionat məhz Olimpiya İdman kompleksində keçirilmişdir və hazırda böyük üzgüçülük kompleksi tikilir. Naxçıvan ərazi baxımından Azərbaycanın əsas hissəsindən ayrıdır, gediş-gəliş çətindir. Bu çətinliklərə baxmayaraq, uzaq ölkələrdən idmançıların Naxçıvana gəlmələri böyük hadisədir. Gənc şahmatçıların gələcəyinə inandığını və Beynəlxalq Şahmat Federasiyası ilə yaxşı əlaqələrin olduğunu vurğulayan İlham Əliyev beynəlxalq idman qurumları ilə, bütün federasiyalarla yaxşı, işgüzar münasibətlərin qurulması üçün görülən işlərdən danışdı, idmançıları bir daha təbrik etdi, onlara uğurlar arzuladı. Çempionatın bürünc mükafatçısı Zeynəb Məmmədyarova şahmatçılar və ailəsi adından Milli Olimpiya Komitəsinin rəhbərinə təşəkkür etdi, Azərbaycanı dünyada tanıtdırdıqlarına və xalqımızı sevindirdiklərinə görə şərəf duyduqlarını bildirdi və bu nailiyyəti Prezident Heydər Əliyevin 80 illik yubileyinə hədiyyə kimi dəyərləndirdi. Valideyn Həmid Məmmədyarov isə ailəsi adından İlham Əliyevə Karpat meşəsinin ağacından xüsusi hazırlanmış şahmat hədiyyə etdi. Sonra MOK-un prezidenti İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.