SİYASƏT
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ GÖRÜŞ
Yanvarın 22-də Azərbaycan milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Əbdülvahid Musəvi-Larini və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Namiq Abbasov qonaqları salamlayaraq dedi ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri yaranmışdır. İran Azərbaycanın müstəqilliyini birincilər sırasında tanımışdır. Nazir Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında İranın böyük rolunu vurğuladı. Namiq Abbasov ölkələrimizin xüsusi xidmət idarələrinin fəaliyyətindən danışaraq dedi ki, bu orqanların üzərinə həm də xalqlarımız arasında əlaqələri möhkəmləndirmək və genişləndirmək vəzifəsi düşür.
Cənab Əbdülvahid Musəvi-Lari səmimi qəbula görə Azərbaycan MTN-nin başçısına təşəkkürlərini bildirərək dedi ki, hər belə görüş təkcə ümumi sərhədin deyil, həm də mədəniyyət və tarixin birləşdirdiyi xalqlarımızın daha da yaxınlaşmasına doğru bir addımdır.
Görüş başa çatdıqdan sonra milli təhlükəsizlik naziri Namiq Abbasov və İİR-in daxili işlər naziri Əbdülvahid Musəvi-Lari sərhəd məsələlərində və narkotik maddələrin, psixotrop və digər vasitələrin qaçaqmalçılığı ilə mübarizədə iki nazirliyin əməkdaşlığı haqqında memorandum imzaladılar.
Görüşdə Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai iştirak edirdilər.