SİYASƏT
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
MTN mətbuat xidmətinin 6 iyun 2002-ci il tarixli məlumatı bir sıra mətbuat orqanları tərəfindən məqsədli şəkildə təhrif edilərək məsələnin siyasiləşdirilməsinə cəhdlər göstərilir, müəssisənin və ayrı-ayrı şəxslərin ünvanına müxtəlif yalan və böhtanlar yayılır. Halbuki ifşa olunmuş mütəşəkkil cinayətkar dəstənin fəaliyyətini açıqlayan həmin məlumatda “Kaspian Fiş Ko Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ermənistana qaçaqmalçılıq yolu ilə balıq və balıq məhsullarının göndərilməsində iştirakına dair işarə də yoxdur.
Nazirliyin heç bir əməkdaşı istər bu cinayət işi, istərsə də digər məsələlərlə əlaqədar adı çəkilən müəssisədə olmamış və yoxlama keçirilməmişdir. Məlumat yayıldıqdan sonra nazirliyin rəhbərliyi tərəfindən aparılmış araşdırmalar prosesində müəyyənləşdirlmişdir ki, mətbuatda getmiş “...cinayətkarlar Bakıdakı “Kaspian Fiş Ko Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətlə kriminal razılaşmaya girərək...” ifadəsi MTN İstintaq şöbəsində olan materiallarla əsaslandırılmadığı üçün hüquqi cəhətdən düzgün deyildir. Məlumatın tərtibində yanlışlıqlara yol vermiş əməkdaşlar barəsində tədbir görülmüşdür.
Mətbuat xidməti nazirliyin rəhbərliyi ilə razılaşdırılmadan kütləvi informasiya vasitələrinə göndərilmiş həmin məlumatla əlaqədar “Kaspian Fiş Ko Azərbaycan” müəssisəsi ətrafında gedən yersiz söz-söhbətlərdən təəssüfləndiyini bildirir.