MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI STAR TELEVİZİYASININ BÖHTAN KAMPANİYASINI QƏTİYYƏTLƏ PİSLƏYİR
AzerTAg.az
Iyulun 26-da Milli Televiziya və Radio Şurasının növbəti iclası olmuşdur. İclasda son günlər ölkəmizin bir sıra müxalifət mətbuatının, habelə Türkiyənin Star televiziyasının Azərbaycan Respublikası Prezidentinin şəxsiyyəti, sağlamlıq durumu və müayinəsi ilə bağlı yaydıqları yalan və böhtan xarakterli xəbərləri qətiyyətlə pisləyən bəyanat qəbul olunmuşdur. Bəyanatda deyilir: - Milli Televiziya və Radio Şurası son günlər Azərbaycanın bir sıra mətbuat orqanlarında, habelə Türkiyənin Star televiziyasında və eyniadlı qəzetində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin şəxsiyyəti və sağlamlıq durumu ilə bağlı yayılan yalan və qərəzli informasiyalara qəti etirazını bildirərək, bütün bunları ölkəmizdə növbəti prezident seçkiləri ərəfəsində Azərbaycana düşmən olan qüvvələr tərəfindən aparılan çirkin siyasi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirir. Həmin qüvvələr unudurlar ki, Azərbaycan Respublikasının Prezidenti Konstitusiyamızın 106-cı maddəsinə uyğun olaraq, toxunulmazlıq hüququna malikdir. Prezidentin şərəf və ləyaqəti qanunla qorunur. Odur ki, ayrı-ayrı qüvvələr Azərbaycan Prezidentinin ünvanına yönəldilən yalan və qərəzli informasiyalar yaymaqla, həm də Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına hörmətsizlik nümayiş etdirirlər. Bu cür hərəkətlər xalqımızın minilliklər ərzində formalaşmış əxlaqi dəyərlərinə, bütövlükdə milli mentalitetimizə yaddır. Şura Azərbaycan-Türkiyə münasibətlərinin zəngin tarixi keçmişi olduğunu və bu əlaqələrin məhz Prezident Heydər Əliyevin müstəsna şəxsi xidmətləri sayəsində daha da inkişaf etdirilərək, yeni mərhələyə qədəm qoyduğunu vurğulamaqla bərabər, Star televiziyasının və eyniadlı qəzetin Azərbaycan Prezidentinin səhhəti və müayinəsi ilə bağlı bilərəkdən yaydığı yalan və qərəzli xəbərləri dövlətlərimiz və xalqlarımız arasında narazılıq toxumu səpmək cəhdləri kimi dəyərləndirir. Mətbuatdan və digər informasiya vasitələrindən bəlli olduğu kimi, Star televiziyası və qəzetinin son çıxışları Azərbaycan ictimaiyyəti tərəfindən çox ciddi narahatlıq hissi ilə qarşılanaraq, birmənalı şəkildə pislənilmişdir. Milli Televiziya və Radio Şurası əmindir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin müayinəsi və sağlamlıq durumu ilə bağlı yayılan qərəzli məlumatlarla əlaqədar Azərbaycan ictimaiyyətinin geniş təbəqələrinin haqlı etirazını nəzərə alaraq, Türkiyənin Radio və Televiziyon Üst Qurumu Star televiziyası ilə əlaqədar ən yaxın günlərdə müvafiq qanuni tədbirlər görəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var