SİYASƏT
MİNAYƏ NƏBBAQİNİN ÇİXİŞİ
Təhsil Şurasının Bərdə rayon nümayəndəsi, 5 nömrəli orta məktəbin müəllimi MİNAYƏ NƏBBAQİ xatırlatdı ki, ölkəmizin 300 min nəfərdən çox təhsil işçisinin əksəriyyəti 1970-80-ci illərin yetişdirmələridir. O illər Heydər Əliyevin rəhbərliyi ilə sağlam mənəvi iqlim yaranan ölkəmizdə ali məktəblər öz qapılarını yalnız savadlı, istedadlı gənclərin üzünə açmışdı. Adi fəhlə, kolxozçu övladları universitet təhsili alırdılar. Bu gün də Prezidentimiz həmin müqəddəs missiyanı uğurla davam etdirir.
Natiq ötən on ildə Azərbaycanın sabitlik şəraitində yaşadığını, həyatın bütün sahələrindəki irəliləyişləri vurğulayaraq dedi ki, bu uğurları yalnız bədxahlar görməyə bilər. Amma xalqımızın tam əksəriyyəti Heydər Əliyevin apardığı daxili və xarici siyasəti bəyənir və qiymətləndirir. Məhz Heydər Əliyevin diplomatik siyasətinin nəticəsidir ki, dünya xəritəsində nöqtə boyda olan Azərbaycan nəhəng dövlətlərlə çiyin-çiyinədir. Mən Bərdənin 3400 nəfər müəllimi və bütün Qarabağ ziyalıları adından deyirəm ki, qarşıdan gələn seçkilərdə hamı kimi, biz də yekdilliklə Heydər Əliyevə səs verərək, Azərbaycanın gələcəyini etibarlı əllərdə saxlayacağıq.