SİYASƏT
MİNGƏÇEVİRDƏ ƏDLİYYƏ İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI MƏCBURİ KÖÇKÜNLƏRLƏ BİR YERDƏ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, onlar öz vəsaitləri hesabına alıb gətirdikləri ərzaq məhsulları, uşaq geyimləri və əşyalarından ibarət bağlamaları ailə başçılarına təqdim etmiş, onların güzəranı, qayğıları ilə maraqlanmış, bəzi problemlərinin həllinə yardımçı olacaqlarını bildirmişlər. Ədliyyə işçiləri Şəhidlər xiyabanını da ziyarət etmişlər.
Şəhər məhkəməsində ictimaiyyət nümayəndələrinin, hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə toplantı olmuşdur. Məhkəmənin hakimi Mübariz Məmmədov “Heydər Əliyev Azərbaycanda müstəqil məhkəmə sisteminin qurucusudur” mövzusunda məruzə etmişdir. İcra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı şəhər sakinləri adından ədliyyə işçilərini təbrik etmiş, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda uğurlar arzulamışdır.