İQTİSADİYYAT
MİNGƏÇEVİRİN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMI HAZIRLANACAQDIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhər icra hakimiyyətində “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident Fərmanından irəli gələn vəzifələrə həsr olunmuş toplantıda şəhərin sosial-iqtisadi vəziyyəti geniş təhlil olunmuşdur. Qeyd edilmişdir ki, son vaxtlar görülən tədbirlər nəticəsində uzun illərdən bəri fəaliyyətini dayandırmış “Azyolmaş”, “Şüşə lifi”, “Azərkabel” zavodlarında istehsal prosesi bərpa edilmiş, təkcə bu 3 müəssisədə işləyənlərin sayı 500 nəfəri ötmüşdür. Məcburi köçkünlər üçün 412 ailəlik şəhərciyin inşasına yüzdən çox işçi cəlb edilmişdir. Hərbi xidmətdən qayıtmış 88 gənc işlə təmin olunmuşdur. Şəhərdə meyvə-tərəvəz şirələri istehsal edən müəssisə, ət-süd məhsulları kombinatı, dəyirmanlar işə salınmışdır. Poçt-rabitə sisteminin müasir beynəlxalq tələblər səviyyəsində yenidən qurulması başa çatdırılmışdır. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Kür” mehmanxanası, Olimpiya avarçəkmə bazası, Gənclik turizm mərkəzi, 62 nömrəli tikinti idarəsinin və dəmir-beton məmulatları zavodunun yataqxanaları əsaslı təmir edilmişdir. Abadlıq, yaşıllaşdırma işləri genişlənir.
Özünütənqid və prinsipiallıq şəraitində keçən toplantıda şəhərin bir sıra sənaye müəssisələrində, xüsusən Texniki rezin, Azərizolit, Regenat, dəmir-beton məmulatları zavodlarında, toxuculuq kombinatlarında istehsalın səviyyəsinin, buraxılan məhsulun keyfiyyətinin aşağı olması, əmək haqqının ödənişindəki mövcud problemlərin ciddi narahatlıq doğurduğu bildirilmişdir. Şəhər elektrik şəbəkəsinin, qaz istismar idarəsinin, mərkəzi xəstəxananın, təhsil şöbəsinin qışa hazırlığında ciddi qüsurlar olduğu qeyd edilmişdir.
Məruzə və çıxışlarda əmək və icra intizamının, tapşırılan işə məsuliyyət hissinin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.
Toplantıda şəhərin sosial-iqtisadi inkişafına dair proqram hazırlanması qərara alınmışdır.