RƏSMİ XRONİKA
MİNGƏÇEVİR ŞƏHƏR STADİONU YENİDƏN QURULUR
Mingəçevir, 3 mart (AZƏRTAC). Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Rəşad Məmmədzadə adına şəhər stadionunda aparılan yenidənqurma işləri ilə də tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, son vaxtlar ölkəmizin bütün regionlarında olduğu kimi, Mingəçevirdə də idmanın müxtəlif növlərinin inkişafına diqqət artmışdır. Şəhər stadionu 1953-cü ildə inşa olunmuşdu və müasir tələblərə cavab vermirdi. 2008-ci ilin iyunundan burada yenidənqurma işlərinə başlanmışdır. Tribunalarda indiyədək 2 min plastik oturacaq quraşdırılmışdır. Üçüncü və dördüncü sektorlarda işlər tamamlandıqdan sonra tamaşaçı yerlərinin sayı 5 minə çatdırılacaqdır.
Dövlətimizin başçısı stadionun müasir tələblər səviyyəsində istifadəyə verilməsi, idmançılar və tamaşaçılar üçün lazımi şəraitin yaradılması ilə bağlı tapşırıqlarını verdi.
Bununla da Prezident İlham Əliyevin Mingəçevir şəhərinə səfəri başa çatdı.