MİNSKDƏ “QAÇQINLAR, MİQRASİYA VƏ MÜDAFİƏ” MÖVZUSUNDA YÜKSƏK SƏVİYYƏLİ GÖRÜŞÜN YEKUN SƏNƏDİNƏ AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN TƏKLİFİ İLƏ “İNSAN TƏHLÜKƏSİZLİYİ VƏ MƏCBURİ KÖÇKÜNLƏR” ADLI YENİ PARAQRAF DAXİL EDİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa Şurası və ATƏT Belarusun paytaxtı Minsk şəhərində “Qaçqınlar miqrasiya və müdafiə” mövzusunda Yüksək Səviyyəli Görüş keçirmişlər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsi müdirinin vəzifəsini icra edən, nümayəndə heyətinin rəhbəri Qurban Sadıqov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinin rəisi Akif Şəfiyev, Daxili İşlər Nazirliyi Pasport Qeydiyyatı İdarəsinin inspektoru Vüqar Zeynalov, həmçinin müşahidəçi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Telman Məmmədov və Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin direktoru Səfər İmanov təmsil etmişlər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Q.Sadıqov görüşdə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan dövlətinin etnik təmizləmə siyasəti və hərbi təcavüzü nəticəsində ölkəmizdə qaçqınlar, məcburi köçkünlər, sığınacaq axtaran şəxslər, miqrasiya sahəsində mövcud vəziyyət, onların sosial müdafiəsi ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, münaqişənin miqyası, problemin həllinə beynəlxalq təşkilatların dəstəyi barədə ətraflı məlumat vermişdir.
Yüksək Səviyyəli Görüşdə qəbul olunan yekun sənədin layihəsinə Azərbaycan nümayəndə heyətinin təklifi ilə “İnsan təhlükəsizliyi və məcburi köçkünlər” adlı yeni paraqraf və ölkəmizin mənafeyinə uyğun bir neçə bənd əlavə edilmişdir.
Tədbir çərçivəsində beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilmiş və ölkəmiz üçün mühüm əhəmiyyətə malik məsələlərin və əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunmuşdur.
Nümayəndə heyətimiz görüşün bütün iştirakçılarına ingilis və rus dillərində hazırlanmış ətraflı məlumat, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə kitablar vermişdir.
Xəbərin mətnində orfoqrafik səhv var